Ərdoğan-Makron görüşündə Güney Qafqaz ŞTRİXİ...
Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron Vaşinqtonda regional məsələləri müzakirə ediblər.

Yelisey Sarayının məlumatına görə, Makron Parisin Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsinə yönəlmiş davamlı dialoqa dəstəyini bir daha təsdiqləyib. Fransa Prezidentinin sözlərinə görə, bu, region üçün yeni səhifə aça bilər.

Türkiyə Prezidenti də NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid etdiyini deyib.

“Ankara İrəvanla Bakı arasında saziş imzalamağa və sülhün bərqərar olmasına sadiqdir. Biz bu barışığı ən qısa zamanda görmək istəyirik. Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımların olduğunu görürük”, - deyə Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan lideri münaqişənin həlli üçün müsbət addımları dəstəkləyir.

“Biz bu barışığı mümkün qədər tez görmək istəyirik. Ermənistanın Baş naziri ilə görüşlərdə bu istiqamətdə müsbət addımların atıldığını görürük. İlham qardaşım mənimlə görüşlərdə dedi ki, o da müsbət addımların tərəfdarıdır”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Prezident Ərdoğan da öz növbəsində, Türkiyə ilə Fransa arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə və Fransa prezidentlərinin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi çox güman ki, həm bölgədə, həm də sülh prosesində yaranmış son vəziyyətlə bağlıdır.

Hazırda sülh danışıqları aparan tərəflərin müttəfiqi kimi hər iki ölkənin Cənubi Qafqazda strateji maraqları toqquşur.

Yəni Türkiyə Azərbaycanla, Fransa isə Ermənistanla ümumi mövqedən çıxış edir. Son illər Türkiyənin və Fransanın regionda geosiyasi fəallığının artması mövcud konyukturun formalaşmasında həlledici təsirə malikdir.

Ona görə də Azərbaycan və Ermənistanla yanaşı, Ankara və Parisin öz arasında razılığa gəlməsi sülh müqaviləsinin imzalanmasına gedən yolu aça bilər. Bu, Azərbaycanla Fransa arasındakı gərginliyin qalxması üçün də vacib amildir.

Ərdoğanla Makronun görüşü barədə verilən rəsmi məlumat liderlərin sülhə dəstək verilməsi ilə bağlı məsələni müzakirə etdiyini deməyə əsas verir.

Əgər sülhə mane olan tərəfin Fransa olduğunu nəzərə alsaq, o zaman görüşün təşəbbüsünün Türkiyədən gəldiyini ehtimal etmək olar. Çünki Fransanın Ermənistanı silahlandırması, eyni zamanda Azərbaycan və Türkiyə əleyhinə fəaliyyəti hazırda sülh prosesini pozan ən başlıca səbəblərdən biri kimi çıxış edir.

Fransa Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmlətmək üçün Ermənistanı “müdafiə” siyasətindən istifadə edir. Yəni Makron hakimiyyəti Ermənistanı Azərbaycan və Türkiyə təhlükəsindən qorumaq görüntüsü yaratmaqla bölgədə geosiyasi aktora çevrilmək iddiasını ortaya qoyur.

Bunu reallaşdırmaq üçün Parisə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində sülh deyil, münaqişə lazımdır. Nikol Paşinyan hakimiyyətinin konstitusiya referendumundan yayınaraq sülh müqaviləsi imzalamaqda maraqlı görünməməsində Fransanın iştirakı şübhə doğurmur.

Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı ərazi iddialarının, qondarma erməni soyqırımı ifadəsinin qalması Fransanın maraqlarını təmin edir. Ona görə də Prezident Ərdoğanın Emmanuel Makronla görüşünü daha çox iki kontekstdə şərh etmək olar.

Birincisi, rəsmi Ankara Parisi sülh prosesini pozan fəaliyyətdən çəkinməyin vacibliyinə inandırmağa çalışır. Çünki Fransa Paşinyanın siyasətinə ciddi təsirə malikdir. Əgər Fransa bölgədə sülhün bərqərar olmasında maraqlı tərəfə çevrilərsə, o zaman Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda çərçivə sazişinin imzalanması reallaşa bilər.

Son vaxtlar sülh müqaviləsinin mətni ilə bağlı Qərbdəki tərəfdaşlarına, xüsusilə də Fransaya arxalanaraq Azərbaycan qarşısında müəyyən şərtlərlə çıxış edən Ermənistan pozucu mövqe nümayiş etdirir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 10-da Vaşinqtonda keçirilən görüşünün nəticəsiz başa çatması da rəsmi İrəvanın sülhə maraq göstərmədiyini təsdiq edir.

Bu halda, Türkiyə Fransa Prezidentinin vasitəsilə Paşinyanı konsensusa gəlməyin vacibliyinə inandıra bilsə, sülh sazişinin mümkünlüyündən danışmaq olar.

İkincisi, görünür, rəsmi Ankara Emmanuel Makronu Cənubi Qafqazda Türkiyənin maraqlarına qarşı destruktiv fəaliyyətindən əl çəkmək üçün açıq müzakirələrə dəvət edib.

Türkiyədən fərqli olaraq, Fransa bölgə dövləti deyil. Fransa region ölkələri ilə əməkdaşlıq etmədən Cənubi Qafqazda fəal iştirakçıya çevrilə bilməz. Bu tərəfdaşlıq isə yalnız Türkiyə, Rusiya və Azərbaycan kimi ölkələrin maraqlarının nəzərə alınması ilə mümkündür.

Müşfiq Abdulla
“Cebhe.info”

Dünyapress TV

Xəbər lenti