(Proloq əvəzi)
Gecənin bir aləmində Padşah əmr edir:
- Cəllad gəlsin!
Elə həmin dəqiqə Tarif Şurası şahın qarşısında peyda olur...
- Hüzurundayıq, qibleyi-aləm...
***
Televiziyaların efir məkanından qiymət artımına haqq qazandırmağa çalışan samballı, ağzı ballı fuksionerlər və ekspertlər özlərinə kənardan baxsaydılar...
...Görərdilər ki, yüz minlərlə (bəlkə də milyonlarla) tamaşaçı onların həlləm-qəlləm açıqlamalarına cavab olaraq, evlərindəki televizorun ekranına necə tüpürür. Özü də, lombayla!..
Görərdilər ki, camaat, əsasən p...xun yemiş xoruza bənzəyən bu şərhçi-şərçi yaltaqların yeddi arxa dönənini xoruz səsi eşitməmiş hansı söyüşlərlə yad edir!..
Bir şey tam dəqiqdi:
TŞ-nın gecə qərarları belə davam edəcəyi təqdirdə, buna rəvac verənlər küllü-məmləkət əhlinin neştərdən də iti ah-naləsinə, çeşidli qarğışlarına, eləcə də qeyri-normativ "beşmərtəbəli" söyüşlərinə tuş gələcəklər. Gəlirlər də!
Və əlimizdən özgə bir şey, ya bir zad gəlmədiyindən... keçid alaq yazının mübtədasına...
Analoqsuz fədakarlığa diqqət yetirin: bizlər gecələr mışıl-mışıl yatanda Tarif Şurası xalqın və məmləkətin dayanıqlı iqtisadi inkişafı (siz bir, ritorikanın möhtəşəmliyinə baxın!) uğrunda, təmənnasız olaraq əzmlə çalışır, dəridən-qabıqdan çıxır, tər tökür. Odur ki, xalqın əziz və sevimli Tarif Şurasına... nə olsun? Əlbəttə, - bir qucaq eşq olsun! Niyə? Çünki o yeganə novator və kreativ təşkilatdı ki, zaman-zaman öz doğma xalqına cəmi üçcə barmağından ibarət olan ecazkar bir kompozisiya göstərməyi bacarır və heç vaxt, heç kimdən, heç nədən qorxub-hürküb çəkinmir də!.. Qurd ürəyi yeyənin buynuzu olmur ki!..
Amma bütün bunlara rəğmən, mənim balaca bir təklifciyəzim də var: qoy, hörmətli TŞ müəllim öz növbəti - qəfl şillə effekti yaradan gecə iclasında... HÖKUMƏTİMİZİN QİYMƏTİNİ QALDIRSIN.
Yoxsa...dost var, düşmən var: ağız bahəm eləyib deyərlər ki, bu qədər ucuz, bu qədər "deşovıy" hökumət olar?! Hələ üstəlik, qayıdıb ağız da büzərlər ki, qiymətlərin lovğa-lovğa kəllə-çarxa dırmaşdığı bir vaxtda, dəyəri keçi qiymətindən də ucuz hökumətin olması "əyübdü", ya nonsensfason bir şeydi. Daha doğrusu, adımız-sanımız, filanımız var, fontan vuran iqtisadi inkişafımız-zadımız, nöyütümüz-qazımız, ahımız-göz yaşlarımız var...
Qısası, əzizlərim, evinizdəki televizorun ekranına tüpürmək əvəzinə, yaxşı olar ki, bu qəşəng təklifi ikiəlli dəstəkləyəsiniz. Dəstəkləyin və cəmi 10-ca qəpiklik bir "oxxayy", "əhsən", "bravo" ("malades" də keçər) deyibən, oturun öz Kəlmeyi-şəhadətinizi əzbərləməklə məşğul olun!..
***
(Epiloq əvəzi...)
Baxın ha, dünyanın işini bilmək olmaz, birdən fırlanıb ağlınızdan keçər və qayıdıb deyərsiniz ki, "neynək, cücəni payızda sayallar..." Əsla! Bunu birdəfəlik unudun və bilmərrə payız-mayız söhbəti etməyin. Ən yaxşısı, tısbağa təki çəkilin qınınıza, vəssalam! Çünki təklif olunmuş şəraitdə, yəni mövcud reallıqda məmləkətin hər yerində... gecə də, cücə də qaradır və nə yazıq ki, bu zəqqum qaralığın və bu zülmət qaranlığın içində veyil-veyil gəzə-gəzə azıb-itmişik... Belə olan təqdirdə isə, əlbəttə ki, nəyəsə qulp, ya mız qoymaq, kimlərəsə təpinmək, ya etiraz- metiraz eləmək... xeyirdən çox ziyan, hətta bəla gətirər!..
Təəssüf və səd heyif!..
Eldəniz QULİYEV
hurriyyet.az