Biz Qarabağ Zəfərini məhz Mühafizəkarların hakimiyyətində qazanmışıq.
BBC-yə çalışdığım vaxtlar idi.
Bəzən gündə bir neçə material (“dispatch” və müsahibə) sifariş verdikləri olurdu.
3 noyabr 2002-ci tarixində – AKP-nin iqtidara gəldiyi seçkilər günü isə Ankaradan düz 11 xəbər göndərmişdim Londona. O gün BBC-nin “Qafqaz və Orta Asiya” xidmətinin bütün əfasanə “profi” əməkdaşları – Famil Ismailov, Zülfüqar Rüfətoğlu, Elshan Aliyev (Şəhərli), Sevinc Osmanqızı günboyu yüksək peşəkarlıq göstərdilər. Türkiyə format dəyişdirirdi və R.T.Erdoğanın o gün başlayan iqtidara yürüşü həm ölkənin, həm də regionun çöhrəsini dəyişəcəkdi.
Bir müdət sonra London qonorarımı azaltdı, həm də az qala 25 faiz.
Etiraz etmək istəyirdim, ancaq dostum Famil İsmaylov (keçmiş “Zerkalo”çu, hazırda BBC-nin Rus xidmətinin rəhbəri) zəng vuraraq özünə xas təmkinlə “Doroqoy, bir az səbr elə, leyboristlər iqtidara gələndə maaş və qonorarlar yenə əvvəlki kimi olacaq” demişdi.
Ona belə bir cavab verdiyimi xatırlayıram: “Doroqoy, mən leyboristlərə inanmıram, sənə inanıram”. İkimiz də gülüşmüşdük.
Beləcə, yeni ödəmə sistemi ilə çalışdım bir müddət.
Mühafizəkarlar hər zamankı kimi “qaş düzəldən yerdə, göz şıxarırdılar”.
Doğrusu, sonralar maaşların artıq-artmaması barədə heç nə eşitmədim. Çünki 4 ay sonra – 2003-ün mart ayında prezident Heydər Əliyevin fərmanı ilə İstanbula Baş konsül təyin olundum. BBC ilə 6 illik çalışma həyatım sona çatdı…
Bu sabah baxıram ki, İngiltərədə keçirilən parlament seçkilərində 14 ildir iqtidarda olan Mühafizəkarlar partiyası görülməmiş bir nəticə ilə uduzublar.
Leyboristlər partiyası 650 yerlik İcmalar Palatasınnın 410, Mühafizəkarlar isə cəmi 131 yerini aldılar. Bu, Torilər (ing. Tories) üçün iki əsrlik siyasi tarixinin ən biabırçı məğlubiyyətidir.
Bu gün günortaya doğru Baş nazir Rişi Sunak istefa ərizəsini Kral III Çarlza tıqdim etdi. Böyük Britaniya monarxı qalib Leyboristlər partiyasının lideri Kir Stramerə yeni höküməti qurmağı tapşırdı…
Leyboristlər ənənəvi olaraq BBC-yə hər zaman “yaxşı baxıblar”.
61 yaşlı Stramerin yeni höküməti bu dəfə də 1922-ci ildə qurulmuş dünyanın ən köklü yayım quruluşuna yaxşı maliyyə dəstəyi verəcəkmi, bilmirəm. Ancaq bildiyim bəzi şeylər var ki, onları oxucularımla paylaşmaq istərəm (İngilislərin daxildəki vəziyyəti özlərinə qalsın, biz bizə maraqlı olacaq xarici məsələlərə bazaq).
Xarici məsələrədə radikal dəyişikliklər gözlənilmir.
“Avropa və qlobal təhlükəsizliyin təməl daşı” kimi Kir Stramer kabinəsi də NATO-ya sadiq qalacaq;
Birləşmiş Ştatların Londonun əbədi və şəksiz müttəfiqi olaraq qalacağı da təbiidir;
Maraqlı olan Leyboristlərin Ukrayna siyasətidir ki, burada Böyük Britaniya Kiyevə hərbi, maliyyə, diplomatik və siyasi dəstəyi davam etdirməyi planlaşdırır;
Hətta və hətta yeni hökümət Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək və onlardan Ukraynanın ehtiyacları üçün istifadə etmək yolunda da sələfinin siyasətini davam etdirəcək.
Son olaraq onu da qeyd edim ki, kim nə deyir, desin, ancaq biz Qarabağ Zəfərini məhz Mühafizəkarların hakimiyyətində qazanmışıq. Bunu da unutmaq olmaz, məncə…
İbrahim Nebioğlu
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti