İrəvan bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan sülh sazişi bir ay ərzində intensiv iş aparılmaqla imzalana bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana rəsmi səfəri zamanı belə deyib.
“Biz inanırıq ki, bu, regionumuzda sabit sülhün qorunması və bərqərar olması üçün tarixi hadisədir. Regionda inkişaf, sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini də müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastrukturun və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına sadiqik”, - deyə Mirzoyan gürcü həmkarı Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, bu, Arart Mirzoyanın son bir həftədə verdiyi növbəti oxşar bəyanatdır.
“Biz sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq və Ermənistan onu bir ay ərzində tamamlamağa və Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”, - deyə iyunun 27-də açıqlama verən Mirzoyan Azərbaycan tərəfini sülh sazişi təklifinə müsbət cavab verməməkdə ittiham etmişdi.
Ermənistanın xarici işlər naziri Estoniyaya rəsmi səfəri zamanı sülh müqaviləsinin mətni üzərində işlərin yekunlaşdırldığını söyləsə də, onun irəli sürdüyü iki şərt əslində, prosesin başa çatmadığını göstərir.
Ermənistan ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına dair bəndlərin sülh sazişinin mətninə daxil edilməsini istəyir.
Yəni Paşinyan sülh müqaviləsində Ermənistanın ərazisinin 29743 kv.km göstərilməsində israr edir. Rəsmi İrəvanın son ritorikası sülh müqaviləsinə üçüncü əlavə şərtin də irəli sürülməsindən xəbər verir. Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan madlərin ləğvi ilə bağlı referendumdan yayınır.
Əvəzində, son günlər rəsmi İrəvan ABŞ-nin vasitəsilə Azərbaycanı kompromis sülh variantına razı salmağa çalışır. Bu plan qeyd edilən üç təklif əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə turur. Əvəzində Ermənistan Azərbaycana Zəngəzur dəhlizinin açılmasını vəd edir.
Ararat Mirzoyanın Ermənistanın Azərbaycanla infrastrukturun və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına sadiq olduğunu deməsi də məhz bunu nəzərdə tutur. Lakin Azərbaycanın Ermənistanda Konstitusiya referendumu keçirilməyənə qədər təklif edilən sülh sazişinə razılıq verəcəyi inandırıcı görünmür. Çünki Ermənistanın Konstitusiyası və qanunvericilik bazası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yaradır.
İkincisi, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası üçün ilk növbədə, işğal altında saxladığı dörd kəndi Azərbaycana qaytarmalıdır. Bundan sonra sərhədlərin hansı xəritələr əsasında müəyyənləşcəyi razılaşdırılmalıdır. Əgər söhbət Sovet dövrünə aid xəritələrdən gedirsə, o zaman 1991-ci il deyil, 1920-ci il və ondan sonrakı müxtəlif dövrlərin sənədləri əsas götürülə bilər.
Yalnız dörd kəndində qaytarılmasından və delimitasiya və demarkasiya işlərinin yekunlaşmasından sonra aparılan geodeziya işləri nəticəsində hər iki ölkənin ərazi vahidi tam məlum olacaq. Bu zaman Azərbaycan və Ermənistan ərazi bütövlüyünün qarşılıq şəkildə tanınmasına dair müqavilə imzalaya bilər.