Əgər dünyada böyük bir müharibə olacaqsa, Cənubi Qafqaz əsas poliqonlardan biri olacaq -
Ermənistanla Azərbaycan arasındakı atəşkəsin pozulması hallarının təsadüfi olduğu inandırıcı deyil. Ermənistan baş naziri Nikol Paşinyan açıqlamasında bildirir ki, atəş açmaq əmrini o verməyib. Azərbaycan mediası, bəzi politoloq və ekspertlər isə Paşinyanın yazıq, çarəsiz portretini çəkməklə məşğuldur. Kimi dindirirsən, bildirir ki, Ermənistan ordusunun içində “5-ci kolon” var. Nə edək, Ermənistan ordusu ilə Ermənistan siyasi hakimiyyətini bir-birindən ayıraq? Lap deyək ki, Paşinyan Ermənistan ordusundakı “5-ci kolon”la mübarizə apara bilmir, bu, Azərbaycanın problemidir? Bunu Azərbaycan cəmiyyətinə o qədər yedirdiblər ki, hər atəşkəs pozulanda insanlar “5-ci kolon”u ittiham edir.
Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəs pozulub. Paşinyan təklif edir ki, ikitərəfli mexanizm yaradılsın. Paşinyan atəş əmri vermədini deyir, Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin atəşkəsin pozulması barədə məlumatını yalan adlandırır. Eyni anda isə atəşkəsin pozulma hallarının araşdırılması təklifi edilir. Gəl, baş çıxar…
Lap deyək ki, Ermənistan ordusunda “5-ci kolon” var, Paşinyan onları müəyyən etmək istəyir. O zaman belə bir sual yaranır, Naxçıvan və Kəlbəcər istiqamətindəki bölmələrdən kimlər həbs edildi, yaxud hansı bölmələrin yeri dəyişdirildi? Heç nə baş vermədi. Əvəzində Avropa Birliyindən dərhal reaksiya gəldi: “Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır”.
2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma baş verəndən sonra Avropa Birliyi mülki müşahidəçilərni Ermənistana göndərdi. Elə o vaxt Avropa Birliyi təzyiq edirdi ki, Azərbaycan tərəfdə də onlar yerləşsin. Məsələ ondadır ki, rəsmi Bakı bununla razılaşmadı. Düşünürəm ki, hazırda baş verənlər eyni prosesin davamıdır. Tələdir!
Ermənistan tərəfi çalışır ki, ikitərəfli mexanizm yaradılsın və ora Avropa Birliyindən də nümayəndə daxil olsun. Azərbaycanda Avropa Birliyi adını eşidən bəzilərinin dərhal gözləri parıldayır, özlərini ortaya atıb, bu məsələni müsbət bir hadisə kimi təqdim edirlər.
Ermənistan silahlandırılır, özü də hücum silahları ilə. Məlum silahlarla (“Ceasar” özüyeriyən haubitsası) Ermənistanı elə Avropa Birliyinin ən aparıcı dövlətlərindən biri olan Fransa təmin edir. Regionda gərginlyin yaranmasının səbəbi o tərəfdən, bu tərəfdən əsgərlərin havaya 3-5 güllə atması deyil. Regionda gərginliyin yaranmasının səbəbi sülhün əldə olunmasını istəməyən qüvvələrdir. Bu qüvvələr arasında rahatlıqla Fransa, Rusiya və İranın adını çəkə bilərik. Bir çoxları bu məsələdə Türkiyə faktorunu önə çəkməyə çalışır. Bir şeyi anlamaq lazımdır ki, Türkiyə təkbaşına bu regionda heç nəyi həll edə bilməz. Bir anlıq düşünək, kommunikasiyalar açılır, ölkələr arasında sülh əldə olunur, dünənə qədər düşmən olan xalqların başı sabah ticarətə qarışır, regiona kim, necə təsir edəcək?
Bundan əlavə, bütün dünya sürətlə silahlanmaya gedir. Elə Ermənistan da. Bu silahlanma dövlətlərin müdafiə qabiliyyətini artırmaqdan daha çox müharibəyə hazırlıq prosesi kimi qiymətləndirilir. Belə olan təqdirdə, sülhdən danışmaq nə qədər realdır, bilmirəm.
Azərbaycan təcili olaraq Ermənistana təsir mexanizmi tapmalıdır. Anti-terror əməliyyatından əvvəl Azərbaycan tərəfi Ermənistanı masaya gətirmək üçün hansısa hərbi əməliyyat keçirib, buna nail olurdu. İndiki məqamda Azərbaycanın əlində belə bir imkan da yoxdur. Ona görə də, ən sərt bəyanat belə Ermənistanı silahlanmadan və sülh danışıqlarından yayınmaqdan çəkindirməyəcək. Ona görə də təsir mexanizmi tapmalı və icra olunmalıdır. Misal üçün “Ceasar” özüyeriyən haubitsası Ermənistan ərazisinə daxil olarkən, yaxud daxil olmamış sıradan çıxarıla da bilər. Digər 4 kəndin qaytarılması üçün Ermənistana konkret vaxt verilə və bunun üçün addımlar atıla bilər.
Azərbaycan tərəfi təkcə silah almaqla işini bitmiş hesab etməməlidir. Ordudakı problemləri, neqativləri aradan qaldırmaq üçün də addımlar atmalıdır. Kadrların qorunub-saxlanılması, maaşların artırılması, cəlbediciliyin təmin edilməsi yönündə ciddi işlərin görülməsinə ehtiyac var.
Əgər dünyada böyük bir müharibə olacaqsa, Cənubi Qafqaz əsas poliqonlardan biri olacaq.
Səxavət Məmməd
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti