"Dədə Qorqud" Parkında "sürü" psixologiyası...
...Uşaqlığımın kiçik bir hissəsi kəndimizdə keçib. Heyvandarlıqla məşğul olan bir ailə olmuşuq. Heyvanların davranışına az-çox bələdçiliyim olub. Keçimiz olmayıb, amma qoyun-quzumuz olub. Həmişə istəmişdim ki, keçimiz də olsun. Çünki keçi qoyundan daha intellektual heyvandır.
Otlağa gedən heyvanlar üçün çobana gərək duyulmasının ən əsas səbəbi, məhz qoyunlardır. Yəni keçilərdən ibarət bir sürünüz olsa və otlaqlarda da canavar təhlükəsi yoxdursa, çobana gərək olmayacaq. Özləri qayıdıb gəlirlər. Yağış yağanda, günəş çıxanda, istidə, soyuqda harda durmaq, hara getmək lazım olduğunu bilirlər. Amma qoyun elə deyil. Məsələn, qoyun otlaya-otlaya düz uçurumun kənarına gedir, ordan da düşüb ölür. Qoyunların ölümü ya canavar hücumundan, ya da qayalıqdan düşmək olur. Ona görə də mütləq başlarının üstündə biri olmalıdır ki, gedib özlərini dağdan atmasınlar. Ya da hava bərk isti olanda, biri onları küyləyib kölgəliyə aparmalıdır.

Kənd, rayon yerində olanda, bəlkə də görmüsünüz, qızmar havada qoyunlar başlarını bir-birinin quyruğunun altına salıb gözləyirlər. Bir də görürsən ki, biri o birinin başına qığladı, o biri də başını kənara çəkmədi. Amma keçi elə deyil. Keçi yatdığı yeri təmizləyir. Ac olanda ağaca dırmaşıb, yarpaqları yeyir. Keçinin özünə xas inadı, tərsliyi, hikkəsi olur. Tərsliyinə saldısa, ya tövlədən çıxmayacaq, ya da tövləyə girməyəcək. Diqqət edin, heyvan sürüsünün önündə əksər vaxt boynunda zınqırov olan keçi - təkə gedir, qoyun yox. İstiqaməti keçi təyin edir ki, hara getmək lazımdır. Qoyunlar da ona tabe olurlar. Yəni qoyunların tabe olmaqla bağlı problemləri yoxdur, keçilərdə isə əksinədir.

Həftəsonu Dədə Qorqud parkındaydım. İnsanlar istirahət, sərinlik üçün bu parka axışmışdı. Ağacların altı qarışqa kimi insan qaynıyırdı. Sellofan torbalarda içkilər və unlu məmulatlar, hətta lülə-tikə gətirənlər də var idi. Bələd olmayan biri keçsə, elə bilər ki, kiminsə "kiçik toyu"dur.

Parkın ziyarətçiləri yeyib-içib, bir-birinə söykənib, yaşıl otluqda uzanmışdı. Qəfil yüngül bir külək əsdi, sellofan torbalar süfrənin altından çıxıb, bir neçə metr uzağa düşdü. Adamların bir qismi yarı oyaq idi. Bəziləri başını o birinin köynəyinin altına salmışdı, bəziləri də telefonla "məşğul" idi. Külək şiddətləndi. Qapaqsız "rəngli" sular süfrənin üstünə aşdı. Ətrafda nə varsa, şirə oldu. Bir tərəfdən sellofan və salfetlər göydə uçuşurdu, o biri tərəfdən yoldakı toz-torpaq uzananların üstünə gəlirdi. Süfrə başdan ayağa toz-torpaq, şirə içində idi. Ətraf da salfet, sellofan, boş plastik şüşə, birdəfəlik içki qabları ilə "bəzənmişdi". Küləyin "oyun"una gələnlər ailə deyildilər. Tələbə olduqları hər hallarından bəlli idi. Külək bir müddət sonra dayandı. Başını o birinin paltarının altına salıb yatanlar gözlərini qamaşdıra-qamaşdıra oyandı. Telefonda qurdalananlar da qulaqcığını çıxarıb cibinə qoydu. Sonra bu iki "qrup" birləşib yatanları ayıltdılar. Ardınca da küləyin süfrədə qoyduqlarını götürüb, arxa-arxaya düzülüb getdilər. Yolda da hamısı başı aşağı. Biri digərinə nə sual verir, nə danışdırırdı.

...Zibil parkın içində yox, park zibilliyin içində qaldı. Elə bil, Dədə Qorqud parkından Qaraca Çobanın qoyun sürüsü keçdi. Aralarında heç olmasa, bir "təkə" olsaydı, qabağa düşüb, o tullantıları toplayar, yatdıqları yeri təmizləyərdi. O da olmadı.

İndi bu parka xüsusi "çoban" təyin etmək lazımdır ki, uçuruma gedənlərin qabağını alsın. Çomağı havaya qaldırıb desin ki, "özünüzdən sonra yatdığınız yeri təmizləyin ki, sabah o tullantılar xəstəlik olaraq sizə qayıtmasın".

Təmizlik işçiləri, ya da ərazidən məsul şəxslər irad bildirəndə alacaqları cavab bu olacaq ki, "pulunu vermişik, sənin borcundur ki, təmizləyəsən, buna görə əməkhaqqı alırsan". İnanın ki, bunu deyən insanlar var. Hətta azyaşlılar, yeniyetmələr işlədir bu ifadəni. Valideynləri uşaqların yarım qalan tərbiyəsini tamamlamaq əvəzinə, övladına haqq qazandırır.

Parkdakı "qonaqlar"ın etdiyi hərəkətlər "sürü" psixologiyasını xatırlatsa da, özlərini keçi kimi müdafiə etməyi də bacarırlar. Belə olan halda çobanın çomağı keçinin buynuzunu "oxşayır".

Həyatı, insanlığı çobansız və çomaqsız öyrənmək mümkündür...

Mətin Şükürlü, Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti