Qafqazı silkələyən savaşı: Kim ağır basır?
Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanunu 67 saniyə ərzində üçüncü oxunuşda nəzərdən keçirib və dəstəkləyib.

Bir müddətdir parlament binasına yaxınlaşmağa icazə verilməyən müxalifət nümayəndələri komitə iclasında iştirak etməyə vaxt tapmayıb. Komitənin sədri Anri Oxanaşvili bildirib ki, üçüncü oxunuşda yalnız redaksiya xarakterli düzəlişlər nəzərdə tutulur. Hakim partiyanın deputatlarının hər hansı şərh və sualları olmayıb.

Sabah, mayın 14-də hakim “Gürcü arzusu” partiyası sessiyanın iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxıb təsdiq etməyi planlaşdırır.

Artıq qanun layihəsinin qəbul ediləcəyi şübhə doğurmur. Bu isə Gürcüstan hakimiyyətinin ölkədəki kütləvi etiraz aksiyalarına baxmayaraq, öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir. Ona görə də mayın 14-dən, yəni “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra ölkədə siyasi gərginliyin pik həddə çaytacağı gözlənilir.

"Gürcü arzusu"nun təsisçisi Bidzina İvanişvili iqtidarının qeyd edilən addımı Qərbin Gürcüstanla münasibətlərində də siyasi ziddiyyətləri artıra bilər. Nəticədə, ABŞ və Avropa İttifaqının Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edəcəyi istisna olunmur.

Həmçinin, Gürcüstanın Avropa İttifaqının üzvlüyünə namizədliyinin dondurulması da gündəmə gələ bilər. Qərbin rəsmi Tiflisə digər təzyiq vasitəsi kimi ölkədə “məxməri inqilab”ı dəstəkləməsi də mümkün variantlardan biridir. Parlamentin adıçəkilən qanun layihəsini qəbul etməsi, buna paralel olaraq Gürcüstan hakimiyyəti daxilində fikir ayrılığını dərinləşdirəcək.

Qərbyönümlü Prezident Salome Zurabişvili və “Gürcü arzusu” partiyası arasında mövcud narazılıq ölkədə yaranmış siyasi böhranın güclənməsinə səbəb ola bilər. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayenin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulunu müzakirə etmək üçün mayın 13-də Tiflisə səfəri başlanıb. Yəqin ki, ABŞ diplomatı Gürcüstan rəsmilərini qanun layihəsindən imtina etməyin vacibliyinə inandırmağa çalışacaq.

Bildirək ki, hazırda Gürcüstan parlamentinin Hüquq Komitəsi və “Gürcü arzusu” qanunla bağlı qərarını elan edib, bu isə indidən Obrayenin səfərinin nəticəsiz başa çatacağını deməyə əsas verir. Yəni Gürcüstandakı siyasi proseslərin bundan sonrakı inkişafı Ceyms Obrayenin apardığı danışıqların yekunudan asılı olacaq. Əgər hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini Gürcüstanın daxili işi olduğunu bəyan edərsə, o zaman ABŞ “məxməri inqilab”a dəstək verə bilər.

Gürcüstanda hakimiyyət dəyişikliyi isə bütün regiona təsir edə biləcək prosesdir. Çünki Gürcüstanda baş verən hadisələr Rusiya və Qərb arasında Cənubi Qafqazda artan qarşıdurmanın gərgin mərhələyə keçməsinə səbəb ola bilər.

Bu mənada, Gürcüstandakı etiraz aksiyalarına kompleks şəkildə, yəni bütövlükdə Qara dəniz - Cənubi Qafqaz geosiyasi xətti üzərində cərəyan edən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Hazırda Gürcüstanda və Ermənistanda müşahidə olunan vəziyyət dolayısı ilə Ukraynada baş verən qarşıdurmanın davamıdır.

Son siyasi epizodlar fonunda bu maraqlar toqquşması daha qabarıq görünür. Belə ki, Vladinir Putinin yenidən prezident seçilməsindən sonra Rusiya ordusunun Ukraynada aktiv hücumlarının artdığını və müəyyən əraziləri ələ keçirdiyini görmək olar. Rusiyanın bu irəliləməsi Qərbdə Avropa İttifaqını ciddi narahat etməklə yanaşı, hətta ABŞ Konqresindəki respublikaçıları da öz fikrindən daşınmağa və Ukraynaya 61 milyard dollar yardım ayırmağa vadar etdi.

Həm ABŞ-ın ilkin olaraq, 400 milyon dollar dəyərində silahlar göndərməsi, həm Britaniyadan Ukraynaya döyüş vasitələrinin yola salınması, eləcə də NATO-nun rəsmi Kiyevə dəstəyi artırmaq üçün gözlənilən toplantısı Qərbin cəbhədə əks-reaksiyasından xəbər verir. Bu ziddiyətlərin Moldovaya keçməsi Rusiyanın Ukraynadakı uğurlarından asılı olacaq.

Analoji prosesi Ermənistanda və Gürcüstanda da müşahidə etmək mümkündür. Rəsmi İrəvanın son aylar artan Qərbə inteqrasiya kursu və Rusiyanın geosyasi orbitindən uzaqlaşmaq cəhdləri gözlənildiyi kimi Moskvanın Moldovada oxşar gərinliyin yaranmasına cavab olaraq Rusiya Nikol Paşinyan hakimiyyətini devirmək üçün etiraz aksiyalarını dəstəkləyir. Bu baxımdan, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə Ermənistanda baş verən etirazlara məhz Rusiya-Qərb geosiyasi qarşıdurması kontekstində yanaşmaq lazımdır.

Gürcüstanda da “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müxalifət tərəfindən Rusiyanın planı adlandırılması təsadüfi deyil. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu qazanması Rusiyanı çox narahat edir. Moskva bu prosesə Qərbin Cənubi Qafqazda, öz sərhədlərində mövqelərinin möhkəmlənməsi təhlükəsi kimi baxır. Hətta Rusiya Avropa İttifaqından sonra növbəti mərhələdə Gürcüstanın NATO-ya daxil ola biləcəyindən ehtiyatlanır.

Ona görə də Qərbin demokratik təsisatlarının Gürcüstanda sıradan çıxmasında maraqlıdır. İvanişvili hakimiyyəti əli ilə sözügedən qanunun qəbulu Qərbyönümlü vətəndaş cəmiyyətinin və müxalifətin fəaliyyətini məhdudlaşdırmağa imkan verir. Bu gün Gürcüstanda etirazların baş qaldırması isə öz növbəsində, Qərbin buna cavabı kimi başa düşülməlidir. Ermənistanla yanaşı, Gürcüstandakı hadisələr Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasının əhatə dairəsinin genişləndiyini göstərir.

Ermənistandan fərqli olaraq, Gürcüstan Rusiya ilə həmsərhəd olması Moskva üçün strateji əhəmiyyət kəsb edir. Çünki hər iki ölkənin sərhəddində iki münaqişə ocağı var. Üstəlik, Abxaziya və Cənubi Osetiya coğrafi baxımdan, Ukrayanaya yaxın ərazidə yerləşir. Qərb isə bundan istifadə edib Rusiyaya qarşı ikinci cəbhə aça bilər. Əgər Gürcüstanda “məxməri inqilab” baş versə, o zaman bu ölkə Mixail Saakaşvilinin prezidentliyi dövründə olduğu kimi, Rusiyanın tam təsir zonasına keçəcək.

Ona görə də Rusiya Gürcüstanda Qərbin inqilab etmək cəhdlərini sakit qarşılamayacaq. Gürcüstanda hakimiyyət dəyişikliyinin baş verməsi Paşinyanın da Qərbə inteqrasiya etmək və Rusiyanın təhlükəsizlik sistemindən çıxmaq üçün siyasi manevr imkanlarını artıracaq. Bu baxımdan, bu gün regionun siyasi taleyinin Tiflisdə həll olunduğunu demək mümkündür.

Müşfiq Abdulla
“Cebhe.info”

Dünyapress TV

Xəbər lenti