ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb
Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı
ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq
forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş
məzmunlu çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq
forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün
dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin
gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən
diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər
payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının
tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış,
ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün
acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək,
qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və
2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər
tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: "COP29
haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq
ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri
məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla
keçsin".
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər
çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə
olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul
edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz
sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim
etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən
təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi
baxırıq".
Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı
qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və
hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham
Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili
məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan
Prezident İlham Əliyev qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz
bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz
müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim
bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb.
Biz bunu edirik".
Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu
vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı
məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək
əməkdaşlığa yol açacaq.
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin
başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə
qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və
nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə
sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi
açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına
qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,
biz ciddi tədbirlər görməli olacağıq".
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o
cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı
imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini
davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa
etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan
da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə
hərəkət etməməlidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü