Azərbaycanın “qırmızı xətti”:
“Ölkə Prezidentinin bu istiqamətdə apardığı siyasət ən optimal və real vəziyyəti dəyərləndirərək, irəliləyən bir siyasətdir. Çünki hamıda belə bir təsəvvür var ki, Rusiya ilə münasibətlər kontekstində ancaq Rusiyanın öncülük etdiyi qurumlarda təmsilçilik zərurəti yaranır. Lakin Azərbaycan öz müstəqil yanaşmasını bütün məsələlərdə olduğu kimi, burada da ortaya qoyur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Rusiyanın moderatorluq etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Qeyd edək ki, dövlət başçısı çıxışında Azərbaycanın indiki perspektivdə Aİİ-yə üzv olmayacğaını qeyd edib.

F.Mustafa isə düşünür ki, hazırda hər hansı bir Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulma məsələsindən söhbət getmir və ölkəmiz Rusiya ilə ən yüksək səviyyədə müttəfiqlik münasibətlərini davam etdirir:

“Bundan başqa, Azərbaycan hər hansı bir konflikt olmadan, danışıqlar yolu ilə bütün məsələləri çözməyə hazır olduğunu hər dəfə göstərir və buna nail olur. Ona görə də bugünkü forumda da dövlət başçısının bunu dilə gətirməsi həm də onun tərəfindən həyata keçirilən siyasətin nə qədər optimal və doğru olduğunu göstərir”.

Onun fikrincə, bütövlükdə Rusiya ilə münasibətlərdə böyük dövlətlərə üslubuna görə Azərbaycan unikal bir siyasi mövqe ifadə etməkdədir.

“Azərbaycan böyük dövlətlərə bəyan edir ki, “mən sizin üçün təhlükəli deyiləm və mənim müstəqilliyimi – “qırmızı xətt”imi hamınız tanımalısınız”. Bu dövlətlər də Azərbaycanın “qırmızı xətt”ini tanıyır, eyni zamanda ölkəmizi müəyyən dərəcədə təhlükəli məkan olaraq görmədiklərini ifadə edirlər ki, bu da bizim üçün qane edici bir siyasətdir. Çünki bizim konflikt aparmaq niyyətimiz yoxdur”, – deyə o bildirib.

Rafi Müslümov

Dünyapress TV

Xəbər lenti