Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycan üçün zərəri yoxdur. Əksinə, Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, iki bölgənin – Mərkəzi Asiyanın və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasıyla bağlıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır. Ermənistan da bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər, bir şərtlə ki, Azərbaycanla sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsın. Tokayev Paşinyana bunları anlatmağa çalışıb. Tokayevin Azərbaycanla Ermənistan arasında danışıqlarda Qazaxıstanın platforma kimi istifadəsi təklifi də müsbət dəyərləndirilməlidir. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bir-birimizi tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Qazaxıstan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq Qazaxıstanın görüşlər üçün məkan yeri seçilməsi tərəflər üçün məqbuldur. Elxan Şahinoğlu TEREF