Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq.
Aprelin 5-də keçirilən Brüssel görüşü ətrafında cərəyan edən hadisələrdən bəlkə də ən diqqət çəkəni İran rəsmilərinin müəmmalı susqunluğu oldu. Üç ildən çoxdur bölgədə hansısa mücərrəd “qırmızı xətt”lər deyib-duran, bu xətləri keçənlərin acılı aqibəti barədə xəbərdarlıqlar edən rəsmi Tehran nədənsə Brüsseldə əsası qoyulmuş Qərb-Ermənistan işbirliyinə münasibət bildirmək istəmir. İndi İran başqaları ilə görüşməyə başlamış sevgilisini itirməkdən qorxan məşuqa bənzəyir: onlarla olsun, amma məni də tərk etməsin. “Zəhm”i qeyb olmuş İranın bu davranışının əsasında hansı amillər durur? Nə səbəbdən “qırmızı xətt”lər yoxa çıxdı?
Fərqli “xarici qüvvələr”
İranın hazırki passivliyinin doğurduğu suallar əsassız deyil. Üç il öncəyə qayıdıb xatırlamalı olsaq, o vaxtkı mənzərə ilə indiki arasında yerlə-göy qədər fərq var. Azərbaycanın öz əzəli torpaqlarını geri qaytarmaq üçün hərəkətə keçməsi dünyada bəlkə də İrandan çox heç kimi qıcılandırmamışdı. Molla rejiminin parlamentdəki təmsilçilərindən tutmuş, saqqallı hərbçilərinədək hər kəs regiondakı “sərhədlərin dəyişilməsinin mümkünsüz” olmasından danışır, hədə-qorxu gəlməklə məşğul idilər.
Biz hərbi əməliyyatların keçirildiyi günlərdə İran ərazisindən Ermənistana daşınan silah-sursat karvanlarını, Qarabağda kök salmış separatçılar üçün yanacaq sisternlərini, yolda nömrə-nişanlarını Ermənistan nömrələri ilə dəyişən İran yük avtomobillərini unutmamışıq. Biz Azərbaycanın Qərb rayonlarından Naxçıvana çəkilməli olan və Zəngəzurdan keçəcək yolun “İranın milli təhlükəsizliyi”nə necə “təhlükə” olması barədə alovlu bəyanatları da xatırlayırıq. Sərhədlərimiz boyunca iri hərbi manevrlər keçirən, ağır texnika ilə yanaşı, çaylardan aşmaq üçün mobil hərbi körpülərin - pantonların istifadə edilməsi, bunun videogörüntüsünün təmtəraqla yayılmasını yaddaşlarımıza həkk etmişik. Bununla kimə hansı mesajın göndərildiyini də anlayırıq. Həmin manevrlərdə ötən əsrin 70-ci illərinin istehsalı olan köhnə tankların lüləyindən tutmuş müasir ballistik raketlərədək bütün arsenalın şimala doğru tuşlandığı yadımızdadır. Hamısı nəyə görə idi? Bölgədə “xarici qüvvələr”in qarşısını almağa görə. İndi isə sual olunur: bəs NATO, Fransanın İrəvana gələn müdafiə naziri? Amerikalı hərbçilər? “Müşahidə missiyası” adı altında pərdələnmiş avropalı hərbi kəşfiyyatçılar? Onlar xarici qüvvələr deyil, bəs kimlərdir?
Müəmmalı passivlik
44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi örtülü aqressiya səfirliyimizə edilən hücum və diplomatımızın qətl edilməsi ilə açıq xarakter aldı. Maraqlı vəziyyət yaranmışdı: İran ögey dindən olan Ermənistanda konsulluq açdığı bir dövrdə müsəlman, din qardaşı sayılan Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş vəhşi silahlı basqına biganə münasibət bəsləyir, diplomatımızı öldürmüş qatili gah psixi xəstə, gah “qısqanc ər” etməklə cinayətin üstünü ört-basdır etmək istəyirdi.
Bu siyasət bu gün də dəyişməz olaraq qalır. Ermənistana Fransa (NATO) istehsalı silah gətirilir, NATO üzvü olan dövlətlə hərbi əməkdaşlığa dair sazişlər imzalanır, rəsmi İrəvan bölgənin ənənəvi aktoru, hazırkı Ermənistanın tarixi yaradıcısı olan Rusiyanın bölgədən sıxışdırılması üçün dəridən-qabıqdan çıxır, amerikalı hərbi ekspertlər erməni həmkarlarına təlimlər keçir, Tehranda isə məzar susqunluğudur. Sanki həmin “xarici qüvvələr” bölgəyə yalnız Azərbaycan vasitəsilə gələ bilərlər, “qırmızı xətt”lər isə bizə münasibətdə “qızarır”. İranın Dəməşqdəki hərbi qərar qəbuletmə dayağının vurulmasına cavab olaraq bu ölkənin parlamentində İsrailin Bakıdakı (?!) səfirliyinin bombalanması təklif olunur. Ermənistanın Hindistandan aldığı hərbi silah-sursat yenə də İran ərazisi ilə daşınır. Tehranın bu passiv siyasətinin kökündə hansı hesablar və gözləntilər durur?
Susmaq “İran qızılı”dır
Susmaq da reaksiyadır, münasibətin bu tərzdə bildirilməsidir. Ələlxüsus da əgər müəmmalıdırsa. İranın bu susqunluğu nə ilə əlaqədar ola bilər?
Geosiyasi səbəb. Hazırda izlənən geosiyasi proseslərin hədəfi Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib. Qərb Ermənistan vasitəsilə bölgədə iki əsrlik Rusiya mövcudluğuna son qoyub onun yerinə keçmək istəyir. Bu siyasətin bir qolu da Türkiyə və Azərbaycanın sabitlik və iqtisadi təşəbbüslərinə qarşı yönəlib. Hər şey biz istədiyimiz kimi olarsa, Türkiyə və Azərbaycanın bölgədəki hərbi-siyasi üstünlüyünə iqtisadi dominantlıq da əlavə olunur. Çindən Qərbə doğru logistik xətlərin coğrafiyasına diqqət yetirsək, buna əmin ola bilərik.
Tehranın davranışından belə çıxır ki, bu reallıq Qərb kimi, İrana da sərf etmir. Burada daha bir müəmma baş verir: düşmən Qərblə İranın maraqları üst-üstə düşür. İranın Qafqaz uğrunda Rusiya ilə tarixi ədavətini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Tehranda uzaq Qərbin regionda aktivliyini qonşu Rusiya, Türkiyə və Azərbaycanın mövcudluğundan üstün tuturlar.
Molla rejiminin biznes maraqları
İqtisadi səbəb. İranın hazırkı siyasətini biznes maraqları ilə də izah etmək olar. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ətrafında cərəyan edən hadisələr fonunda Ermənistanın “sülh kəsişməsi” adlı ölü doğulmuş təşəbbüsünün əsas sponsorlarının Fransa və İran olduğunu unutmayaq. Bu “layihə”yə əsasən, Hindistandan Avropaya uzanacaq “yol” İran və Ermənistandan keçməli idi. Bu logistik “hab”ın mərkəzi nöqtəsi də təbii ki, tarixən “dünyanın mərkəzi olan” Ermənistan idi. Avropa İttifaqının sponsorluğu ilə Ermənistan ərazisində nəqliyyat tunelinin inşasına dair xəbərlər də həmin dövrə təsadüf edirdi. Aydındır ki, Ermənistanın mürəkkəb və keçilməz relyefi fonunda hansısa beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturundan danışmaq əbəsdir. Bu tunel həmin problemin çözümü olmalı idi. İki milyard avroluq büdcə onun reallaşması önündə başlıca maneə oldu: pulu vermək heç, kim qaytaracaqdı?
İqtisadi səbəbi aktual edən daha bir məqam Zəngəzur dəhlizinin bir qolunun Araz çayı boyunca İrandan keçməsidir. 44 günlük müharibədən sonra bu nəqliyyat dəhlizini az qala hər gün hədələyən Tehran qəflətən onun öz ərazisindən keçməsinə razılıq verdi və Azərbaycanla müvafiq saziş imzaladı. Bu yolun çəkilişi hazırda da davam edir. Tehranın bu qərarı daha bir müəmmaya səbəb oldu: Zəngəzurdan keçəcək yolun İranın milli maraqlarına təhdid olduğu halda, İran ərazisindən keçməsi həmin maraqlara necə toxunmadı? Yəni İranın bütün bu hədə-qorxuları, hərbi manevrləri, raketlər və dronlara həsr olunmuş cizgi filmləri, patriotik klipləri geosiyasət deyil, sadəcə biznesdir?
Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq. Silahın bütün istiqamətlərə atəş açmaq kimi xüsusiyyəti var. ABŞ istehsalı olan silahın da o cümlədən...
Rüstəm Qaraxanlı
kaspi.az