Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı zamanı Parisin Azərbaycana qarşı ənənəvi ritorikasını təkrarlayıb.
Maraqlı məqam bundan ibarətdir ki, Fransanın bu bəyanatına dünya yeddilərindən biri olan, Avropa İttifaqının nüfuzlu üzvü İtaliya da cavab verib.
İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin:
- Bölgədə gərginliyi artırdığını deyib,
- Bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər vermək kimi qiymətləndirib.
Avropa İttifaqının iki ağırçəkili dövləti - İtaliya və Fransa - arasındakı münasibətlər bir neçə illik fırtınalı dövrlərdən keçib. Buna səbəb miqrant böhranına yanaşma və Fransanın İtaliyada 2019-cu ildə “5 Ulduz” hərəkatı və “Şimal liqası”nın iştirakı ilə qurulan koalisiyasını təhqir etməsi olub.
İtaliya isə dəfələrlə Fransanı müstəmləkəçi siyasət aparmaqda ittiham edib. Amma bir müddət sonra iki ölkə bunları arxa planda qoyaraq yeni əməkdaşlıq mühiti yaratmaq məqsədlərini nümayiş etdirib.
Ancaq fikir ayrılıqları arxada qalmayıb və problemlər Rusiya-Ukrayna müharibəsi fonunda Fransanın daha ambisiyalı gündəliyi əsasında yenidən qıcıqlanır.
İndi İtaliya ilə Fransa arasında gərginliyin davam edəcəyinə işarə verən Azərbaycan amili ortaya çıxır və görünür ki, Roma Parisə yerini göstərməyi qərarlaşdırıb.
Buna səbəb odur ki, Azərbaycanla İtaliya arasında dizayn edilən strateji tərəfdaşlıq münasibətləri Bakını Romanın ürəyində mühüm “iqamətgah”a çevirir.
Üstəlik, İtaliya Fransanın Avropa İttifaqındakı mövqeyindən istifadə edərək Cənubi Qafqaz regionuna müdaxilə cəhdlərindən narahatdır.
Çünki Parisin yanaşması Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını artırır. Üstəlik, Fransa Avropa İttifaqında kollektiv maraqlardan çıxış etmir, ambisiyalarını genişləndirib digər üzv dövlətlərin başı üzərində guya təhlükəsizlik çətiri açmaq istəyir.
İtaliya buna cavab verməlidir və görünür ki, Fransanın Azərbaycana qarşı son bəyanatı bardağı daşıran damla olub.
İtaliya Fransaya görə Azərbaycanla mühüm əlaqələrini itirmək niyyətində deyil və Bakının da Romanın siyasi dəstəklərinə ehtiyacı var. Qarşılıqlı ehtiyaclar, təbii ki, İtaliyanın tərəzisində Bakının çəkisini ağırlaşdırır. Bu o deməkdir ki, İtaliya Azərbaycanla tərəfdaşlıq zonalarına təhlükəsizlik, müdafiə məsələlərini də qatır.
Bu sektorla əlaqəli istiqamətlərdən dolayıdır ki, İtaliya Fransanın Cənubi Qafqazda sabitliyi pozduğunu göstərir. Yəni İtaliya Fransanın Azərbaycana qarşı ritorikasını həm də özünün regiondakı maraqlarına qarşı yönələn akt kimi qiymətləndirir.
NƏTİCƏ
İtaliya Azərbaycanı Fransaya qarşı dəstəkləməklə qarşıdan gələn regional proseslərdə Parisə qarşı siyasət göstərmək öhdəliyini göstərir. Bu, Yelisey sarayı ilə İtaliya arasındakı böhranın “Cənubi Qafqaz” səhnəsini vurğulaya bilər.
Aqşin Kərimov
TEREF