Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz
bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz
təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi
dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz
bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram
süfrələri açmalıdırlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı
haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır.
Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət,
mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini
nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx
birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları
bir-birinə dost edibdir".
Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh
yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini
tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının
torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi.
Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi
tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir
dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də
olacaqdır”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. Ötən ilki
lokal antiterror tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da
azad edildi. Bu il artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən ötən
il azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd ediləcəkdir.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə
BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i
"Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il
tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci
sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da
Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində
mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı
gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz
fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq
atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”,
“yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur
adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini
özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir.
Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış,
filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov,
Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar.
Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan
filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq
müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən
kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
TEREF