Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov martın 6-da cəbhədəki son durumla “X” hesabında paylaşım edib. O, cəbhədəki vəziyyətin çətin olduğunu bildirib: “Lakin Ukrayna bütün çağırışlara cavab tapacaq”. O.Danilov proseslərin sürətlə inkişaf etdiyini vurğulayıb: “Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”.
“Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”- O.Danilov söyləyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb.
O.Danilovun bu bəyanatla çıxış etdiyi gün Ukrayna Rusiya ərazisində xüsusi əməliyyat keçirib, dağ-mədən zənginləşdirmə kombinatını vurub. Həmçinin Rusiyanın bir sıra digər regionlarına da pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, artıq cəbhədəki vəziyyət dəyişib və Rusiya ciddi itkilər verməyə başlayıb.
O, bunu Ukraynanın silah tədarükünün artması ilə əlaqələndirib: “Ukrayna əhəmiyyətli miqdarda mərmilərə və uzaqmənzilli raketlərə sahib olan kimi Rusiyanın itkiləri kəskin artır”.
Son zamanlar Rusiya döyüş irəliləyir. Ukrayna isə müdafiəyə keçib. Bunun əsas səbəblərindən biri məhz Ukraynaya hərbi dəstəyin azalmasıdır. Ümumiyyətlə, indiki mərhələdə silah - sursat Kiyev üçün həlledici məqamlardandır.
O.Danilovun, M.Podolyakın verdiyi açıqlamalar, həmçinin dünənki hadisələr onu deməyə əsas verir ki, Ukraynaya hərbi dəstək qismən artırılıb. İndi sual bunun nə qədər davamlı və effektiv olacağıdır. Qərb Ukraynanın, nəhayət, qalib gəlməsi, ya müharibənin daha da genişlənməsi üçün dəstəyi artırıb?
Proseslər onu deməyə əsas verir ki, Ukraynanın Rusiya ərazisində və işğal olunmuş Krım yarımadasında keçirdiyi xüsusi əməliyyatlar, həmçinin PUA- larla hücumlar müsbət nəticə üçün kifayət deyil. Görünən odur ki, bu həmlələr Ukrayna xalqında da hələ hakimiyyətə qarşı ictimai rəy yaratmır. Rusiya isə döyüş meydanında müəyyən kiçik uğurlar əldə edir.
O.Danilov "Ukrayna bugün çağırışlara cavab tapacaq" sözləri ilə, yəqin ki, hansısa "B" planına işarə edib. Hərçənd Kiyevin qələbəsini təmin edə biləcək yeganə faktor lazımi miqdarda silah - sursat, o cümlədən F- 16 qırıcı təyyarələridir. Bu isə Pir qələbəsindən başqa bir şey olmayacaq.
Mümkündür ki, rəsmi Kiyev ABŞ - da keçiriləcək prezident seçkilərinə qədər müharibəni bitirmək, ən azı ciddi uğur əldə etmək istəyir. Çünki ABŞ - da respublikaçıların hakimiyyətə gəlməsi ilə Ukraynanın işi daha da çətinləşə bilər. Amma onu da nəzərə almalıyıq ki, indiki halda döyüşlərin bir neçə aya başa çatması real görünmür.
Ümumiyyətlə, indi cəbhədə kurioz durum yaranıb: tərəflər qələbə uğrunda çalışdıqca prosesi daha da mürəkkəbləşdirirlər. Rusiya itirəcək şeylerinin azaldığını hiss etdikdə daha aqressiv davranacaq. Bu isə nüvə silahının tətbiqi ilə bağlı ehtimalları daha da artırır.
Kənan Novruzov
sherg.az