Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxartmaq mümkün olacaqmı?
Ermənistandakı ictimai-siyasi strukturlar getdikcə daha tez-tez Rusiya sərhədçilərinin ölkəni tərk etməsinin zəruriliyi ilə bağlı məsələ qaldırmağa başlayıblar. Xüsusilə də, İrəvandakı Zvartnots hava limanında və Meqridəki sərhəd-keçid məntəqəsində Rusiya FTX-nın sərhədçilərinin olmasının yolverilməzliyi məsələsi qaldırılır.
Bu, ilk növbədə onunla izah olunur ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Sərhəd Elektron İdarəetmə Sisteminə daxil ola bilirlər və ermənilər bunu qanunsuz hesab edirlər. Bu sistemdə Ermənistan Respublikası vətəndaşlarının və Ermənistanın dövlət sərhədini keçən digər şəxslərin şəxsi məlumatları saxlanılır.
“Ermənistanın məlumatlandırılmış vətəndaşları İttifaqı” adlı ictimai təşkilat bununla bağlı iddia edir ki, Rusiya Federasiyası FTX-sı Sərhəd Elektron İdarəetmə Sisteminə girişdən istifadə edərək Ermənistan ərazisində adam oğurluğu təşkil edib (burada səfərbərlikdən qaçaraq Ermənistana sığınan Rusiya vətəndaşının sərhədçilər tərəfindən həbs edilərək Rusiyaya qaytarması qalmaqalına toxunulur – red.) və FTX-nın bu sistemə giriş imkanı qaldıqca Ermənistan ərazisində heç bir şəxs Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərindən sığorta olunmayıb.
Söhbət xarici dövlətin yüz minlərlə erməninin şəxsi məlumatlarına qanunsuz giriş əldə etməsindən getdiyinə görə, “Ermənistanın məlumatlandırılmış vətəndaşları İttifaqı” Ermənistan hakimiyyətini Rusiya Federasiyasının FTX-sı sərhəd qoşunlarının ölkənin Sərhəd Elektron İdarəetmə Sisteminə girişini “bağlamağa” çağırıb.
Təbii ki, təklif çoxdan yetişib. Rusiya hərbçilərinin Ermənistanın müxtəlif ərazilərində geniş şəkildə təmsil olunması bu dövlətin suverenliyinin bütövlüyü ilə bağlı böyük suallar yaradır.
Məsələn, “Respublika” partiyasının sədri Aram Sarkisyan Ermənistan mətbuatına müsahibəsində bəyan edib ki, “Ermənistan hakimiyyətinin atmalı olduğu ilk addım KTMT-dən çıxmaqdır. İkinci addım Ermənistanın MDB adlı mənasız strukturu tərk etməsidir. Bundan sonra Rusiya özü deyəcək ki, sərhəd qoşunlarını Ermənistandan çıxarır. Söhbət Türkiyə və İranla sərhəddə dayanan sərhədçilərdən gedir.
Mən, Zvartnots hava limanında və şərti Ermənistan-Azərbaycan sərhədində dayanan rus sərhədçilərinin Ermənistanın başına dirənmiş silah olması fikri ilə razıyam”.
Ancaq problem başqadır: rəsmi İrəvan praktikada öz ərazisində rus sərhədçilərinin fəaliyyətinə qarşı hər hansı qadağa qoya bilərmi? Bunun üçün alətlər varmı? Ermənistan hakimiyyəti bunun üçün konkret olaraq nə etməlidir? Bəs Moskva bu cür aktivliyə necə reaksiya verəcək? O cavab addımı olaraq nə edə bilər?
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze baş verənlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O hesab edir ki, Ermənistanın mülki və ekspert icmasının Rusiya Federasiyası FTX-sı sərhəd qoşunlarının sərhəd mühafizəsi məsələsini qaldıran hissəsinin aktivliyi təbii və başa düşüləndir.
“O başqa məsələdir ki, bu fəaliyyət hökumət tərəfindən nə qədər real addımlara çevrilə bilər. Bu daha çətindir, – politoloq deyir. – Nə qədər ki, Rusiya Federasiyasının Cənubi Qafqazda qalması üçün resursları var, FTX qoşunları Ermənistan sərhədlərindən heç yerə getməyəcək”.
Üstəlik, o hesab edir ki, Rusiya sərhədçilərini əhatə dairəsi hətta genişlənə və Ermənistan-Azərbaycan sərhədinə də keçə bilər. “Rusiya Federasiyasının belə resursları var və yaxın gələcəkdə bu resurslar qalacaq. Ritorikanın əhəmiyyəti yoxdur. İrəvan eyni vaxtda iki lövhədə – Rusiya və Qərb lövhəsində oynayacaq. Bu da həm Qərb, həm də Moskvanı qane edir. Ən azından hələlik”, – Vasadze əmindir.