“Putin dayanmır və düşmən hesab etdiyi hər kəsi öldürəcək” - FESENKO
Vladimir Fesenko: “Navalnının ölümü Rusiya müxalifətinin bir hissəsinin rejimə qarşı zorakı mübarizəyə qalxması üçün siqnal ola bilər”

“Rusiya müxalifətinin lideri Aleksey Navalnı cəzaçəkmə koloniyasında ölüb. Navalnı ətrafında baş vermiş əvvəlki hadisələri nəzərə alsaq, hesab edirəm ki, bu, Rusiya müxalifəti və Qərb üçün Putin rejimi ilə danışıqların mümkün olmadığına dair son siqnaldır”. Bu sözləri Ukrayna “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vladimir Fesenko yazısında qeyd edib.

Analirik deyib ki, Kreml rejimi hər mənada cinayətkardır: “Rusiya rejiminin cinayətkar olduğu Ukraynaya qarşı genişmiqyaslı təcavüzkar müharibənin başlaması ilə bir daha aydın oldu. Çoxları bunu hələ 2014-cü ildə başa düşürdü. Ancaq Rusiya Prezidenti ilə razılığın əldə olunacağına ümid edənlər də var idi. Lakin 2022-ci il fevralın 24-dən sonra məlum oldu ki, bu rejimlə danışıqlar aparmaq mümkün deyil. Navalnının ölümü göstərir ki, Putin dayanmır və düşmən hesab etdiyi hər kəsi öldürəcək. Ona görə də Qərb də anlamalıdır ki, Hitler kimi bir adamla danışmağa dəyməz”.

“Navalnının ölümünün Rusiyada hansısa etiraz dalğasına, partlayışa səbəb olacağını düşünmürəm. Müxtəlif formalarda etiraz cəhdləri mümkündür. Ancaq bu, yalnız cəhdlər ola bilər. Nəzərə alsaq ki, faktiki olaraq bütün fəal müxalifət ya Rusiya Federasiyasından sıxışdırılıb çıxarılıb, ya da həbsxanadadır. Bu gün Rusiyada etiraz hərəkatının təşkilini öz üzərinə götürə biləcək siyasətçi yoxdur”, - Fesenko əlavə edib.

Politoloq qeyd edib ki, etirazların başlaması üçün belə bir təşəbbüslə çıxış edən, təşkilatlanmıç insanlar lazımdır: “Navalnı bu təşkilatçılardan biri idi. İndi Rusiya Federasiyasında belə insanlar varmı? Açığını deyim ki, bilmirəm. Bəlkə də bir müddətdən sonra ortaya çıxacaqlar. Çünki potensial olaraq, Navalnının ölümü prosesin başlamasına təkan verə bilər. Yəni ki, Navalnının ölümü Rusiya müxalifətinin bir hissəsinin rejimə qarşı zorakı mübarizəyə qalxması üçün siqnal ola bilər. Çünki başqa mübarizə üsulları qalmayıb. Amma mən hələ də bu məsələdə skeptikəm. İndiki vəziyyətdə Rusiya cəmiyyəti demək olar ki, radikal mübarizəyə hazır deyil”.

“Rusiyaya və ya Putinə qarşı mümkün yeni fövqəladə sanksiyalar da ola bilər. Putin artıq demək olar ki, təcrid olunub. Ancaq Navalnının ölümü göstərir ki, Putinlə yeni mübarizə strategiyası və taktikası qurmalıdır”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az

Dünyapress TV

Xəbər lenti