Taksi şirkətlərinin özbaşınalığı bitmir -
Bolt, Uber və s. kimi özəl taksi şirkətləri ilə bağlı vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir. Taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan xoşagəlməz hallar da narahatlığa əsas verir. İndiyədək dəfələrlə taksi sürücülərinin narkotik vasitələrdən istifadə etməsi, qayda pozuntularına yol verməsi, hətta psixoloji vəziyyəti yerində olmayan şəxslərin belə sürücü kimi fəaliyyət göstərməsi bunlara misal ola bilər.

Vətəndaşlar tərəfindən redaksiyamıza daxil olan şikayətlərdə deyilir ki, “Bolt” mobil tətbiqi vasitəsilə taksilərin sifarişi zamanı təyin olunan avtomobilin rəngi, qeydiyyat nişanı, taksi sürücüsünün adı, şəkili və s. bu kimi məlumatlar qeyd olunur. Lakin bəzi hallarda vətəndaşlar təmamilə fərqli dövlət qeydiyyat nişanlı, başqa model və rəngdə avtomobil gəlir. Həmçinin sürücü də tətbiqdə qeyd olunan şəxs olmur. Vətəndaşlar bu halla qarşılaşdıqda taksiyə minməkdə tərəddüd edirlər.

Bu halın baş vermə səbəbi nədir? Nəyə görə tətbiqdə qeyd olunmayan şəxs təyinat yerinə gəlir? Vətəndaşlar belə halla qarşılaşdıqda nə etməlidirlər?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Referans.az-a açıqlama verilib.

"Taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.

“Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.

Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Bundan başqa hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər.

Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.

Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq.

Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq".

Fidan Vəlisoy
 

Dünyapress TV

Xəbər lenti