Bu gün Prezident İlham Əliyevin andiçməsi olub. Hökumət də qanuna uyğun olaraq istefa verib və səlahiyyətlərinin müvəqqəti icrasına başlayıb. Qısa zamanda Prezident yeni hökumət formalaşdırmalıdır. Yeri gəlmişkən, Prezident seçkiləri ilk dəfə olaraq, ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycanın ərazisində keçirilib. Prezident İlham Əliyevi təbrik edirik və Azərbaycanın inkişafı naminə uğurlar arzulayırıq. Beləliklə, artıq bu gündən etibarən Prezidentin özünün bir müddət öncə elan etdiyi kimi Azərbaycanda Yeni Dövr başlayır. Bu dövr üçün Prezident yeni milli ideyaların vacib olduğunu vurğulamışdı . Ərazi bütövlüyünün və suverenliyin təmin edilməsindən sonra hansı milli ideyalar prioritet olacaq ? Ölkədə hansı dəyişikliklər olacaq? Ölkədə son illər qazanılan uğurlarla bərabər ciddi problemlərimiz də var. Bir yandan da Avropa ilə, Qərblə münasibətlər pisliyə doğru dəyişib. Ermənistanın yenidən dirçəldilməsi üçün Avropa dövlətləri sanki yarışa giriblər. Bu məğlub ölkənin büdcəsi durmadan artma istiqamətində gedir. Görünür ki qarşıdakı dövrdə hərbi potensialımızın modernləşməsi və güclənməsi əsas istiqamət olaraq qalacaq. Daxildə də cəmiyyətin toparlanmasına ehtiyac var. Vətəndaş cəmiyyəti, ictimai nəzarət xeyli zəifləyib. Müşahidələr göstərir ki, bir çox hallarda məmurlar heç nədən çəkinmirlər. Məmurların Prezident Administariyasından əvvəlki çəkingənlikləri yoxdur . Son dövrlərin ən diqqətçəkən məqamı həm də bir çox məmurlar və dövlət qurumları arasında rəqabətin deyil, incikliklərin və narazılıqların aşkar hiss olunmasıdır. Bu isə qanun və qərarların daha çevik qəbuluna çox mane olur. Əvvəllərə nisbətən bəzi məmurlarımız özlərini daha sərbəst hiss edirlər. Regionlarda bütün dövlət qurumlarının regional idarəetməyə keçidinin başa çatmasına baxmayaraq, icra başçıları institutu əvvəlki qaydada davam edir. Dövlət nəzarəti və ictimai nəzarətin çox gücləndirilməsinə ehtiyac var. Bütün sahələrdə rəqəmsal transformasiyanı gücləndirmək, vətəndaşların rəy və təkliflərinin dinlənilməsi, ictimai fikrin nəzərə alınması, vətəndaşların dövlət idarəetməsində iştirakı üçün münbit şərait yaratmaq lazımdır. Prezident yanında İctimai Palata ideyasını yenidən gündəmə gətirmək də faydalı olardı. Regionda, qonşu ölkələrdə gedən proseslər göstərir ki, biznes sektoru üçün daha münbit şərait yaratmaq, yeni texnologiyaları daha sürətli tətbiq etmək, rəqabətə davamlı mühit formalaşdırmaq üçün səylər gücləndirilməlidir. Ümid edək bu il baş tutacaq parlament seçkiləri də ölkənin inkişafına təkan verəcək. Yeri gəlmişkən, quru sərhədlərinin açılması məsələsinə də yenidən baxmaq faydalı olardı. Osman Gunduz TEREF