Seçki bitdi, indi seçim hakimiyyətindir...
Azərbaycanda böhran həddinə çatmış problemlər həll olunacaqmı?
Növbədənkənar prezident seçkiləri proqnozlaşdırıldığı kimi bitdi. Bütün parametrlərinə görə,
bunu seçkidən daha çox səsvermə adlandırmaq daha doğru olardı. Böyük maliyyə vəsaiti,
dövlətin inzibati resursları, o cümlədən hakim YAP-ın bütün imkanlarının səfərbər olunmasına
baxmayaraq, seçki prosesi sönük keçdi, daha yaxşı, daha inandırıcı təşkil etmək olardı…
Seçki məntəqələrinə gələnlər və gətirilənlər İlham Əliyevə səs verdi, Mərkəzi Seçki
Komissiyasının elan etdiyi 93 faizdən yuxarı nəticəni bir qədər təvazökarlıq da adlandırmaq
olardı. Müşahidələr göstərir ki, hər halda qutulara atılan bülletenlərdə hazırki dövlət başçısının
səsi 100 faizə yaxın olardı.
Azərbaycanda uzun illər ərzində seçki institutunun gözdən salınması, xalqın seçib-seçilmək
hüququna hədsiz biganəliyinə gətirib çıxarıb. Ona görə nə seçkilərin təyin olunması, nə
namizədlərin çıxışları, nə də nəticələr hadisəyə çevrilmədi.
Bu səsvermənin əvvəlkilərdən əsas fərqi onun müstəqillik tarixində ilk dəfə Azərbaycanın bütün
suveren ərazisində keçirilməsi, erməni işğalına son qoyulması missiyasına liderlik etmiş dövlət
başçısının rəmzi olaraq Xankəndində səs verməsi idi. Azərbaycanın 3 onillikdə əsas problemi
olan Qarabağ məsələsi ölkənin milli, təhlükəsizlik maraqları və suverenliyi çərçivəsində həll
olunması, əlbəttə, böyük tarixi nailiyyətdir. İlham Əliyev seçkiləri bu nailiyyətinə arxalanaraq təyin
etmişdi, səsverməyə gələnlər də gələcəklə bağlı plan-proqramın olub-olmamasına baxmayaraq,
vəfa borcu kimi məhz buna görə yekdilliklə ona səs verdilər.
Yeri gəlmişkən, bu seçkilərin ən fərqli cəhətlərindən biri də bu idi. Hakimiyyət qarşıdakı 7 ildə
əsas prioritetlərini elan edərək, onun üzərində təbliğat-təşviqat aparmadı. Buna rəğmən iqtidarı
Azərbaycanı hazırki geosiyasi risklərdən itkisiz çıxmaq, böhran həddinə çatmış daxili
problemlərin həll etmək kimi çətin vəzifələr gözləyir. Hökumət təbliğatçılarının əminarxayınlığına, pafoslu çıxışlarına baxmayaraq, cəmiyyətin şüarları sürətlə dəyişir. Bir il əvvəl
Qarabağda tam suverenliyə nail olmaq ən ümdə məsələ kimi qoyulurdusa, indi ölkənin vizionu
ilə bağlı ciddi suallar var: Azərbaycan hara gedir, bizi qarşıda nələr gözləyir, daxili problemlər nə
vaxt həll olunacaq? Ümumiyyətlə, hökumətin onları həll etmək niyyəti varmı?
Təcrübə göstərir ki, Azərbaycan hakimiyyətində müxalifətin, müstəqil ekspertlərin, medianın
qaldırdığı problemlərə, onların həlli yolları ilə bağlı təkliflərinə biganə münasibət var. Onlara heç
vaxt qulaq asmırlar, cəmiyyət bu və ya digər şəkildə idarəetməyə cəlb olunmur, əksinə, hər il
daha da uzaqlaşdırılır. Prezident ötən ay mətbuata müsahibəsində demişdi ki, Azərbaycanda
yeni dövr başlayır, bizə yeni milli ideyalar lazımdır. Məhz bu bəyanatdan çıxış edib, yeni dövrün
çağırışları ilə bağlı məsələləri qeyd etmək olar. Bəlkə doğurdan da seçkidən sonra ölkədə yeni
dövr başlayacaq?!
Əvvəlcə Azərbaycanın hazırki ümumi mənzərəsini təsvir etməyə ehtiyac var:
Ölkənin əsas xarici ticarət partnyoru və milli gəlirin formalaşmasında başlıca rol oynayan Qərb
ölkələri ilə münasibətlər pisləşib, beynəlxalq təşkilatlarda acınacaqlı durum yaranıb. Azərbaycan
AŞPA-da sanksiyalara məruz qalıb, Avropa Parlamenti sərt sanksiyalara çağırır, Avropa İttifaqı
və ABŞ Ermənistanı birmənalı dəstəkləməyə başlayıb. Fransa başda olmaqla, Azərbaycana
qarşı koalisiya formalaşır və məqsəd Ermənistanın müdafiə qabiliyyətini bərpa etmək, onun
Avropaya inteqrasiyasına nail olmaqdır. Azərbaycan isə Avropa İttifaqı ilə strateji Tərəfdaşlıq
Müqaviləsini imzalamaqdan imtina edir, Dünya Ticarət Təşkilatına üzv olmaq istəmir. ABŞ-la da
münasibətlər permanent olaraq gərginləşdirilir. Azərbaycanın regionda əsas tərəfdaşı
Gürcüstanın Qərb xəttində yerini bərkitməsi, Ermənistanla strateji tərəfdaşa çevrilməsi
Azərbaycanın təklənməsi görüntüsünü yaradır və cəmiyyətdə narahatlıq doğurur.
Azərbaycanın adı repressiv rejimlərin idarə etdiyi, korrupsiyanın ən çox çirkləndirdiyi, insan
haqlarının, media azadlığının ən çox pozulduğu ölkələr sırasında yer alır.
Bütün bu və sadalanmayan digər problemlər Ermənistanla normallaşma prosesində
Azərbaycanın haqlı olduğu beynəlxalq mövqelərini zəiflədir, ona qarşı Qərbin təzyiqlərini
gücləndirir.
Ölkə daxilinə gəldikdə, cəmiyyət başdan-ayağa gərginlik, narahatlıq və narazılıq içindədir. Bu
vəziyyəti yaradan bir sıra təməl problemlər var ki, qalan bütün əyər-əskiklər onlardan doğur:
Birincisi, rəqabətli seçki sisteminin olmaması, azad, ədalətli seçkilərin keçirilməməsi dövlət
hakimiyyətinə ictimai nəzarətin təmin olunmasına imkan vermir. Nəticədə idarəetmədə
istisnasız olaraq cəmiyyətin deyil, hakimiyyətin maraqları ön planda tutulur. Məsələn, milli gəlirin
bölüşdürülməsində vətəndaşlara qəpik-quruş çatır, ölkənin əsas sərvətləri oliqarxiyanın
sərəncamında qalır. Yaxud, 20-25 il əvvəldən başlayaraq “gələcək nəsillər” üçün toplanan neft
gəlirləri artıq gəlib keçmiş nəsillərə verilmir. Maraqlıdır, hazırda cəmiyyətin əksər kəsimləri
hədsiz ehtiyac, problemlər içində çabaladığı halda, o gəlirlər hansı nəsillər üçün nəzərdə
tutulub? 20 il əvvəlki şüarlarda bəhs olunan “gələcək nəsil” indiki məhsuldar qüvvələrdir, onlar
ölkənin sərvətlərindən nə zaman bəhrələnəcəklər?
Seçki sisteminin sıradan çıxması ölkədə siyasi mədəniyyətin aşağı düşməsinə, siyasi
institutların, vətəndaş cəmiyyətinin və medianın darmadağın olunmasına gətirib çıxarıb. Ölkədə
siyasi idarəçilikdən tam şəkildə inzibati idarəçiliyə keçilib, bu da Azərbaycanın milli təhlükəsizliyi
üçün təhdid yaradır. Təcrübə göstərir ki, hazırki geosiyasi risklərin yüksək olduğu bölgələrdə
böhranların ən yaxşı həll yolu seçki hüququ olan, cəmiyyət-hakimiyyət müqaviləsi işləyən
ölkələrdə tapılır. Əks vəziyyət ölkənin altına qoyulmuş saatlı bombadır.
Vətəndaşların dövlət idarəçiliyindən kənarlaşdırılması, hakimiyyət olimpinə heç bir siyasi
mübarizə yolu keçməyən, qohumluq, tanışlıq münasibətlərinə görə irəli çəkilən adamların
yerləşdirilməsi də ciddi problemlər vəd edir. Bu texnokratlar cəmiyyətin problemlərini, onunla
danışmaq dilini bilmirlər və mövcud çətinliklərin böhran həddinə çatmasına səbəb olurlar.
İkinci təməl səbəb də əslində birinci səbəblə sıx bağlıdır. Azərbaycanda Konstitusiyada təsbit
olunmuş hüquqlar işlək deyil, güc strukturlarının məhdudiyyətsiz səlahiyyətləri, məhkəmə
hakimiyyətinin deqradasiyaya uğraması cəmiyyəti zəiflədir və nəticədə vətəndaşlar qanunla
sərhədləri tənzimlənməyən nəhəng gücün qarşısında kölə vəziyyətinə düşürlər. Bu, ilk baxışdan
sabitliyin mənbəyi kimi görünə bilər. Amma vətəndaşların ədalətə möhtac qaldığı, öz hüquqlarını
gerçəkləşdirə bilmədiyi, ictimai sərvətlərdən yararlana bilmədiyi şəraitdə bu sabitlik nisbidir.
Hakimiyyət istisnasiz olaraq bütün problemlərin həlli yolunu əvvəlcə polisdə görür, bütün
sahələrdə polis ön plandadır, vətəndaşın dövlət anlayışı polis mundirindən, onun qanundan
üstün zorakı davranışlarından başlayır. Bütün bunlar və qeyd olunmayan, hüquqi nihilizmi
andıran digər problemlərin həlli Azərbaycan cəmiyyətinin yeni dövrdə hakimiyyətdən əsas
gözləntiləridir.
Vətəndaşların həyatını pisləşdirən süni problemlər dərhal həll oluna bilər. Məsələn,
Konstitusiyaya zidd olaraq absurd səbəblərlə bağlı olan quru sərhədlər dərhal açıla, pensiya və
müavinətlər ləyaqətli həyat şərtlərinə uyğun şəkildə artırıla bilər. Əlillərin hüquqlarının bərpası,
polisin məhdudiyyətsiz səlahiyyətlərinin azaldılması, seçki hüququnun bərpası bir fərmana,
sərəncama bağlı məsələlərdir. Konstitusiya islahatları keçirmək, normal Seçki Məcəlləsi qəbul
edib ədalətli bələdiyyə seçkisi keçirməyə nə mane ola bilər? Prezident İlham Əliyevin əlində bu
və ya başqa problemləri həll etmək üçün çoxsaylı alətlər var, güc var, pul var, ən əsası, bu
seçkidə onu dəstəkləyən cəmiyyət var. Qarşıdakı dövrdə bu gücdən və etimaddan səmərəli
istifadə, yaxud ənənəvi yanaşmanın davam etməsi elə hakimiyyətin öz gələcəyi üçün vacib
məsələdir…
Turqut
pressklub.az

Dünyapress TV

Xəbər lenti