F-16 razılaşması: Ərdoğan nəyə razılıq verib?
Türkiyə bankları Rusiyaya qarşı sanksiyalara qoşulur...
2024-cü ilin əvvəlindən ABŞ-la Türkiyə arasında aparılan intensiv müzakirələr müsbət nəticə
verdi. Dövlət katibi Entoni Blinken Ankarada səfərdə oldu və Türkiyə rəhbərliyi ilə Yaxın Şərq
böhranı və ikitərəfli münasibətlərdə yaranmış problemləri müzakirə etdi. Yanvarın 23-də Türkiyə
Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqlədi. Bu, AnkaraVaşinqton arasında danışıqların başlıca predmeti idi. Məclisin qərarın ardından Prezident Rəcəb
Tayyib Ərdoğan dərhal onu təsdiqləyərək, ABŞ-a göndərdi.
ABŞ Dövlət Departamenti yanvarın 27-də Prezident Baydenin imzası ilə Türkiyəyə təxminən 23
milyard dollara 40 ədəd F-16 “Blok 70” döyüş təyyarəsi və 79 ədəd F-16 döyüş təyyarəsi
modernləşdirmə dəstinin satışı ilə bağlı Konqresə rəsmi bildiriş təqdim edib.
Hərbi ekspertlər bildirirlər ki, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Türkiyədə lisenziya
əsasında istehsal edilən 235-dən çox “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+”
konfiqurasiyalı F-16 döyüş təyyarələri var. Ən müasir F-16-lar təxminən 10 yaşı olan F-16 “Blok
50+”, ən yaşlı F-16-lar isə təxminən 30 yaşı olan “Blok 30”lardır.
ABŞ-la əldə oluna razılaşmaya görə, Türkiyə 40 ədəd yeni F-16 “Blok 70” təyyarəsi və 79 ədəd
modernləşdirmə dəstini almağı planlaşdırır. Bu layihə təkcə yeni təyyarələri deyil, həm də
mövcud 235-ə yaxın F-16 təyyarəsinin uzunmüddətli texniki xidmətini əhatə edir. Bu, təkcə yeni
təyyarələrin alınması deyil, həm də inventarda olan təyyarələrin yenilənməsi və saxlanılması
deməkdir.
Modernləşdirmə təkcə avionik sistemləri deyil, həm də ehtiyat hissələri, texniki xidmət və
mühərriklər kimi bir çox detalları əhatə edir. Alınacaq 40 yeni F-16 “Blok 70” təyyarəsindən 32-si
tək nəfərlik F-16C “Blok 70”, 8-i isə iki nəfərlik F-16D “Blok 70” təyyarəsi olacaq. İki nəfərlik F16D “Blok 70” modeli “hava-hava” ilə “yer-yer” missiyalarında ikinci pilota ehtiyac olduqda və
təlimdə geniş şəkildə istifadə olunur. Xüsusilə modernləşmə prosesindən keçmiş F-16-lar əlavə
avionik inteqrasiya və uzun mənzilli missiyalarda üstünlüklər təmin edən əlavə yanacaq çənləri
daşımaq qabiliyyətinə malikdir.
Yanvarın 28-də Ankaraya gələn ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland isə rəsmilərlə
görüşdükdən sonra Türkiyənin F-35 proqramına qaytımasının mümkün olduğunu bildirdi. Bir gün
sonra Kanada Türkiyə Müdafiə Sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etdiyini açıqlayıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib
ki, bunun üçün Ankara Rusiyanın S-400 zenit-raket sistemlərindən imtina etməlidir. Kirbi deyib ki,
F-35 proqramı Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun gəlməyəcək. Kirbi
vurğulayıb ki, bu səbəbdən müzakirələr davam edir, Türkiyə bu məsələ ilə bağlı narahatlığı
aradan qaldıra bilsə, F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 Hava
Hücumundan Müdafiə (HHM) Sistemi aldığına görə, ABŞ administrasiyası tərəfindən
sanksiyalarla üzləşib. Türkiyənin ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin”ə verdiyi 100 ədəd F35 sifarişi ləğv edilib. Bundan əlavə, istehsalı tamamlanan 6 ədəd F-35 döyüş təyyarəsinin
tədarükü dayandırılıb və Türkiyə F-35 proqramından çıxarılıb. Bu vəziyyət Türkiyə-ABŞ
münasibətlərində ciddi gərginliyə səbəb olub.

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la
əldə olunmuş razılaşma heç bir şərtə bağlı deyil, yəni Ankara üzərində hansısa öhdəliklər
götürməyib:
“Hərbi Hava Qüvvələri Komandanlığımızın ehtiyaclarına uyğun olaraq 40 yeni F-16 Blok-70-lərin
satın alınması, mövcud 79 F-16-nın və onların döyüş sursatının, materiallarının
modernləşdirilməsini əhatə edən tələbimizlə bağlı yanvarın 26-dan ABŞ Konqresində təsdiq
prosesi başlayıb. Təklif və qəbul məktubları bizə çatdıqda, təqvim üzərində iş başlayacaq. Bəzi
Yunanıstan mərkəzli xəbər saytlarında iddia edilənlərin əksinə olaraq, F-16-nın alınması və
modernləşdirilməsi məsələsi heç bir şərtə tabe deyil”.
ABŞ-dan F-35 təyyarələri ilə bağlı verdiyi son açıqlamalarla bağlı nazir deyib ki, bu məsələ çox
danışılıb və müzakirə olunub. “Hazırda hər iki ölkənin mövqeyində heç bir dəyişiklik yoxdur”, – o
əlavə edib.
Ekspertlərə görə, uzunmüddətli gərginlikdən sonra Ankara və Vaşinqtonun sürətlə dil tapması
Türkiyənin bəzi şərtləri qəbul etməsi ilə bağlıdır. Çünki uzun müddətdir modernizasiyadan
məhrum olan hərbi aviasiyanın ehtiyaclarını qarşılamaq Ankara üçün son dərəcə vacib
məsələdir. Türkiyə yubanmaqda davam edərsə, regionda hava üstünlüyünü itirə bilər. Xüsusən,
ABŞ Konqresinin Yunanıstana yeni nəsil F-35 təyyarələrinin satışına icazə verməsi Ankaranın
təlaşını artırıb.
Türkiyə rəhbərliyinin qəbul etdiyi şərtlərdən biri 20 aydır yubatdığı İsveçin NATO üzvlüyünə “yaşıl
işıq” yandırmasıdır. Bu, artıq mübahisə doğurmur. Vaşinqtonun daha bir tələbi Ankaranın Rusiya
şirkətlərinə qarşı sanksiya tədbirlərinə qoşulması, məhdudiyyətlərə əməl etməsi ilə bağlıdır. Bu
gün Rusiya mətbuatı yazıb ki, Türkiyə bankları rusiyalı müştərilərlə bağlı siyasətlərini
sərtləşdirib.
“Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran
şəxslər üçün tələbləri artırıb”, – “Vedomosti” qəzeti Türkiyə ilə ticarət edən biznes sahibləri,
maliyyə məsləhətçiləri və biznes assosiasiyalarının nümayəndələrinə istinadən hazırladığı
məqalədə deyilir.
“Bloomberg” və “Kommersant” nəşrləri yazırlar ki, artıq ilin əvvəlində biznes qurumları Rusiya ilə
Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayət edirdilər. “Vedomosti”nin
həmsöhbətləri bildiriblər ki, hazırda hesablaşmalar dondurulub.
Ötən il dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Maliyyə Nazirliyinə Rusiyaya qarşı
sanksiyaları pozan banklara cəzalar tətbiq etmək səlahiyyəti verən fərmanından sonra yerli
bankların siyasəti kəskin şəkildə dəyişib. “Dekabrdan əvvəl Türkiyədə Rusiya ilə hərtərəfli işləyən
iki bank, qismən əməkdaşlıq edən daha iki bank vardı”, – Türkiyə ilə ticarət aparan və eyni
zamanda Rusiya biznes assosiasiyalarından birinə yaxın olan mənbə bildirib. Onun sözlərinə
görə, birinci kateqoriya bankları SDN siyahısına (ən ciddi məhdudiyyətlər səviyyəsinə malik
bankların qara siyahısı) daxil edilməklə hədələyiblər. Bundan sonra onlar Rusiya bankları ilə
əlaqəsi olan şirkətlərin əhəmiyyətli hissəsinin müxbir hesablarını bağlamağa başlayıblar.
Həmsöhbətin sözlərinə görə, qismən əməkdaşlıq edən banklar da münasibətləri kəsməyə
başlayıblar. Lakin əsas hədəf Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra müştəri
olanlardır. Mənbə qeyd edib ki, şirkətlər bankdan 30 gün ərzində bütün münasibətləri
dayandırmaq və hesabları bağlamaq tələbini əks etdirən bildirişlər alırlar.
Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş
tutacaq və Ukrayna ilə müharibə danışıqların əsas mövzularından biri olacaq. Daha əvvəl
Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Prezident Putinin Türkiyəyə səfəri
təxminən fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı
olacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov “Vedomosti”nin “Putinin Ərdoğanla ödənişlərin
dondurulması məsələsini müzakirə edib-etməyəcəyi” barədə sualına cavab verməyib.
Beləliklə, ABŞ-Türkiyə razılaşmaları Rusiya üçün çətin vəziyyət yaradır. Ehtimal ki, Moskva da
əlindəki təzyiq alətlərindən istifadə edərək, Türkiyəni sıxışdırmağa çalışacaq. Belə alətlər isə
kifayət qədərdir: Türkiyə mavi yanacağa tələbatının böyük hissəsini Rusiya enerjisi vasitəsi ilə
ödəyir, kənd təsərrüfatı və yüngül sənaye məhsullarını Rusiyaya ixrac edir. Bu ölkədə minlərlə
türkiyəli iş adamları çalışır və qarşılıqlı kapital yatırımlarının həcmi on milyardlarla dollarla
ölçülür. Hazırda yüksək inflyasiya, ağır iqtisadi problemlər Türkiyədə ciddi sosial gərginlik
yaradıb, ona görə də Rusiya ilə münasibətlərin pisləşməsi ölkədə sosial partlayışa gətirib çıxara
bilər…
Turqut
pressklub.az
 

Dünyapress TV

Xəbər lenti