Gürcüstanla Ermənistan arasında əldə edilən razılaşma anti-Rusiya platformasına xidmət edir. Çünki hər iki ölkəni strateji müttəfiq səviyyəsinə çatdıracaq ortaq maraqları yoxdur. Tiflis daha çox Azərbaycan və Türkiyə ilə müttəfiqlikdə maraqlıdır. Ermənistanın isə Gürcüstana verə biləcəyi heç nəyi yoxdur.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Gürcüstan Ermənistana Qara dənizə çıxmaq üçün kommunikasiya xətti verə bilər. Tiflisin ciddi iqtisadi potensialının olmaması reallığı mövcuddur. Belə olan halda İrəvanın iqtisadi cəhətdən Gürcüstandan yararlanması ehtimalı da yoxdur”, - deyə o qeyd edib.
Partiya sədri Gürcüstanla Ermənistan arasındakı strateji müttəfiqliyi Cənubi Qafqazda ciddi siyasi hadisə kimi dəyərləndirmir:
“Azərbaycanın iştirak etmədiyi bu müttəfiqlikdə tərəflər heç nə qazana bilməz. Sadəcə olaraq Gürcüstan və Ermənistanın Rusiya ilə bağlı narahatlığı var. Paşinyanın anti-Rusiya siyasəti, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı hər iki dövlətin Moskva ilə münasibətlərindəki gərginliyin əsasını təşkil edir. Tiflis və İrəvanın hazırda Avropa ilə əməkdaşlığa meyilli olması da burada təsirli amildir”.
Sərdar Cəlaloğluna görə, Rusiya və Qərbə münasibətə görə, Gürcüstanla Ermənistan arasında belə bir razılıq əldə edilib:
“Bu strateji razılaşmada əsas hədəf Rusiyadan uzaqlaşıb Avropaya yaxınlaşmaqdan ibarətdir. Bununla da onlar Avropa dövlətlərinin yaşam tərzlərini ölkələrində tətbiq etmək niyyətindir. Tarixi şərtlərin və Rusiyanın buna nə dərəcədə imkan verəcəyi, Avropanın dəstəyinin necə olacağı sonrakı prosesdir. Ona görə də bu razılaşma iqtisadi maraqlardan daha çox siyasi mahiyyət kəsb edir”.