Ermənistanın baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tbilisidə imzaladığı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola bilər? Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil. Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır. Yəni Ermənistan-Gürcüstan sətaretji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallar yaradacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”. Normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir. Elxan Şahinoğlu TEREF: Xocanın Blogu