Əliyevin Zəngəzur mesajları Paşinyanı seytnota saldı: - İrəvan geciksə, Ermənistan əbədi blokadada qalacaq
Cənubi Qafqazın gələcək taleyi ilə bağlı prinsipial inkişaf istiqamətləri artıq tədricən aydınlaşmağa başlayıb. Üstünlük, dünya nəhənglərinin bu regionu özlərinin geopolitik maraqlarının girovuna çevirmək cəhdlərinin də iflasa uğraması üzrə olduğu müşahidə olunur. Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsinin hegemon olduğu da artıq inkaredilməz reallıqdır. Və rəsmi Bakı bu reallığı həm region ölkələrinə, həm də Cənubi Qafqazda geopolitik maraqları olan kənar güclərə qəbul etdirməyə nail olub.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları isə Cənubi Qafqazın gələcək taleyi ilə bağlı önəmli mesajlar ilə zəngindir. Prezident İlham Əliyev vurğulayıb ki, yekun sülh sazişinin imzalanması üçün hazırda geniş imkanlar mövcuddur. Çünki Azərbaycanın Qarabağdakı erməni separatizmi və terrorizminin sığındığı "boz zona"nın ləğvindən sonra əsas problem artıq həll edilib. Və bu səbəbdən də, yekun sülh sazişi ilə bağlı müzakirələrdə bu mövzunun yenidən gündəmə gətirilməsi üçün heç bir əsas mövcud deyil.

Azərbaycan lideri Ermənistana revanşist davranışların doğura biləcəyi nəticələr barədə də sərt xəbərdarlıq mesajı ünvanlayıb. Prezident İlham Əliyev vurğulayıb ki, əgər, Azərbaycana qarşı hər hansı hərbi təhlükə yaranarsa, dərhal müdaxilə olunacaq, preventiv addımlar atılacaq. Və Azərbaycan liderinin bu mesajı rəsmi İrəvanın Ermənistanın beynəlxalq himayədarlarına bəslədiyi ümidlərin də reallıqdan uzaq olduğunu göstərir.

Məsələ ondadır ki, Prezident İlham Əliyev Azərbaycan ordusunun gücləndirilməsi prosesinin intensiv şəkildə davam etdirildiyini də bildirib. Ermənistanın Fransadan aldığı "Bastion" döyüş maşınlarının Azərbaycanla yeni hərbi qarşıdurmada effektiv olmayacağına da ironik şəkildə eyham vurub. Azərbaycan lideri Fransanın Ermənistana göndərdiyi "Bastion" döyüş maşınlarını yararsız "konserv bankaları" adlandırıb. Və rəsmi İrəvan Azərbaycan liderinin dediklərindən mütləq doğru nəticələr çıxartmalıdır.

Hər halda, Paşinyan hakimiyyəti nəzərə almalıdır ki, əgər, Prezident İlham Əliyev Fransa "Bastion"larını ironik şəkildə "konserv bankaları" adlandırırsa, deməli, Azərbaycan ordusu onlarla müqayisəedilməz səviyyədə daha güclü döyüş texnikasına sahibdir. Ona görə də, rəsmi İrəvan Fransa "Bastion"larına güvənib, Azərbaycanla yeni hərbi qarşıdurmaya cəhd edərsə, bu, Ermənistan üçün faciəvi nəticələr verə bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti fransız "konserv bankaları"na ümid bəsləmək əvəzinə, yekun sülh sazişini imzalayıb, onun arxasına sığınmağa çalışsa, daha doğru olar.

Digər tərəfdən, Azərbaycan lideri Ermənistanın gələcək taleyi ilə bağlı da müəyyən mesajlar verib. Prezident İlham Əliyev Zəngəzur dəhlizi barədə danışarkən, Ermənistanı faktiki olaraq, konkret seçim qarşısında buraxıb. İndi Ermənistanın gələcək inkişaf perspektivləri məhz rəsmi İrəvanın edəcəyi seçimdən birbaşa asılıdır. Və əgər, Paşinyan hakimiyyəti Ermənistanın beynəlxalq himayədarlarının yerinə yetirilməsi mümkün olmayan utopik vədlərinə uyaraq, yanlış seçim edərsə, Ermənistan əbədi blokada şəraitində qala bilər.

Məsələ ondadır ki, Azərbaycan lideri rəsmi İrəvana Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri xatırladıb. Prezident İlham Əliyev vurğulayıb ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi üçün Ermənistanın verdiyi zəmanət yetərli deyil. Ona görə də, 10 noyabr üçtərəfli anlaşmasında nəzərdə tutulan təhlükəsizlik maddəsi yerinə yetirilməlidir. Həmin maddəyə görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidirlər. Və bu, Ermənistanın marşruta təkbaşına nəzarət imkanlarının zəif olduğunu nəzərə aldıqda, Zəngəzur dəhlizinin təhlükəsiz fəaliyyəti üçün böyük önəm daşıyır.

Digər tərəfdən, Prezident İlham Əliyev onu da birmənalı şəkildə vurğulayıb ki, Zəngəzur dəhlizi üzərindən Azərbaycandan-Azərbaycana hərəkət Ermənistanın nəzarəti olmadan reallaşdırılmalıdır. Yəni, Azərbaycanın əsas hissəsindən Naxçıvana daşınan yüklər və sərnişinlərin yoxlanılması yolverilməzdir. Çünki həmin yüklər Azərbaycana aiddir və ölkə ərazisindən kənara çıxarılmır. Eyni zamanda, Azərbaycan vətəndaşları da Naxçıvana gedərkən, ölkədaxili səyahət məqsədi güdmüş olacaqlar. Və bu baxımdan, Azərbaycana aid yüklərin və sərnişinlərin yoxlanılması absurddur.

Ancaq rəsmi Bakı Ermənistanın digər yükləri yoxlamasına qətiyyən etiraz etmir. Belə ki, Avropadan Asiyaya və yaxud əksinə daşınan yükləri Ermənistan yoxlasa, rəsmi Bakı buna qarşı çıxmaq niyyətində deyil. Əslində, rəsmi Bakının bu mövqeyi tamamilə ədalətlidir. Çünki Azərbaycandan Naxçıvana yüklərin və sərnişinlərin daşınması ölkədaxili hərəkət anlamına bağlıdır. Ermənistan bu reallığı qəbul etməlidir və Zəngəzur dəhlizinin açılması prosesini ləngitmənəlidir.

Əks halda, rəsmi Bakı uzun müddət Ermənistanın verəcəyi qərarı gözləmək niyyətində deyil. Belə ki, Azərbaycan İran ərazisindən Naxçıvana daha qısa marşrutun inşası istiqamətində qərarının icrasına artıq start verib. Əgər, Paşinyan hakimiyyəti rəsmi Bakının Prezident İlham Əliyev tərəfindən elan edilmiş şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına qarşı çıxarsa, onda Ermənistan əbədi blokada şəraitinə məhkum qalacaq. Çünki Zəngəzur dəhlizinin reallaşmayacağı təqdirdə, rəsmi Bakı Ermənistanla hər hansı digər nəqliyyat-kommunikasiya xətlərini açmaq niyyətində deyil.

İndi Zəngəzur dəhlizi Ermənistan üçün blokada şəraitindən çıxmaq üçün yeganə şans variantı rolu oynayır. Bu baxımdan, rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi son mesajların şifrələrini doğru oxuyaraq, artıq əldən buraxmaqda olduğu bu son şansı da qaçırmamaq barədə düşünməlidir. Və Paşinyan hakimiyyəti onu da nəzərə almalıdır ki, Zəngəzur dəhlizi açılmasa da, "zaman qatarı" artıq sürətlə hərəkət edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 

Dünyapress TV

Xəbər lenti