Erməni cəmiyyəti “Qarabağ klanı”na qarşı:
Erməni politoloq: “Demək olar ki, bütün ermənilər sülh istəyir, daha döyüşmək istəmirlər”

Ermənistanın “FactInfo” “YouTube” kanalında Azərbaycanla imzalanacaq sülh müqaviləsinin Ermənistan üçün sülhə zəmanət verib-verməyəcəyi ilə bağlı əhali arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, ermənilərin əksəriyyəti sülhə inanmır. 8100 nəfərin iştirak edtdiyi sorğuda respondentlərin 66 faizinin fikrincə, Azərbaycan qoşunları “Ermənistan ərazisində olduğu” müddətdə sazişin bağlanması sülhə zəmanət verməyəcək. Respondentlərin yalnız 4 faizi sülhün mümkün olduğuna inanır. 19 faiz hesab edir ki, Ermənistan ilkin şərt irəli sürməli və guya Ermənistan ərazisində olan Azərbaycan qoşunlarının çıxarılmasını tələb etməlidir.

Erməni analitik Tevos Arşakyan isə hesab edir ki, sözügedən sorğu reallığı əks etdirmir. Politoloq qeyd edib ki, bütün dünyada insanların müəyyən bir məsələ ilə bağlı fikirlərini öyrənməyin ən asan yolu hesab edilən sosioloji sorğulara münasibəti skeptikdir: “Bu, sorğulara qəti şəkildə etibar etmədiyimdən deyil. Amma çox vaxt, xüsusən də Ermənistanda sorğuların nəticələri şübhəli görünür. Burada söhbət təkcə respondentlərin qeyri-səmimi cavablar verə bilməsindən getmir, həm də sorğunun kimin sifarişi ilə keçirildiyi, səsləri kimin və necə sayacağı ilə bağlıdır. “FactInfo” “YouTube” kanalının sorğusunun nəticəsinə inansaq, o zaman belə çıxır ki, Baş nazir Nikol Paşinyanın hökumətinə cəmi 4 faiz dəstək var və onun qərarları legitim sayılmır. Müxalifət mediası da bu qənaəti bölüşür. Müxaliflər iddia edir ki, indiki hakimiyyət onların səsvermə hüququ olmayan siyasət yürüdür. Guya etimad və dəstək müxalifətədir. Amma bu, yanlışdır. Birincisi, 8 min vətəndaş bütün ölkə əhalisi deyil. İkincisi, belə çıxır ki, kiçik bir qrup hakimiyyətə müxalif olan bir kanalda hökumətin sülhlə bağlı siyasətini dəstəkləmədiklərini açıqlayırlar. Yəni burada manipulyasiya var. Çünki eyni sorğunu hakimiyyətə yaxın bir saytda aparsaq, təbii ki, tamam fərqli nəticələr alacağıq”.

“Aydındır ki, “Faktİnfo” sorğunu internetdə aparıbsa, o zaman sorğuda əsasən radikal gənclər iştirak edib. Onlar müharibənin nə olduğunu, hansı bəlalar və bədbəxtliklər gətirdiyini anlamırlar. Amma hərbiyə gedəcək yaşda övladı olan orta və yaşlı insanlar, yaxud oğullarından biri birinci və ikinci Qarabağ müharibələrində itirən valideynlər arasında sorğu keçirsəniz, sülh tərəfdarlarının çox olduğunu görəcəyik”, - analitik əlavə edib.

Arşakyan hesab edir ki, ermənilər artıq sevdiklərini müharibədə itirmək istəmirlər: “Ona görə də sülh tərəfdarıdırlar. Hər gün soydaşlarımızla internetdə yox, real həyatda ünsiyyətdə oluram. Eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə söhbət edirəm və aydın olur ki, onların demək olar ki, hamısı sülh və əmin-amanlıq istəyir. Bəli, onlar Qarabağı unutmurlar, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. Ona görə də, açıq deyim ki, sorğunun nəticələrinə inanmıram. Çünki sorğu sifarişçinin tələblərinə uyğun olaraq, asanlıqla tənzimlənə bilər”.

“Aydındır ki, Paşinyanın sülh təşəbbüslərinə zərbə vurmaq üçün qarşıya aydın məqsəd qoyulub. Onun sülh gündəminin azlıq tərəfindən dəstəkləndiyini iddia edirlər. Amma bu, sırf manipulyasiyadır. Ermənistanda yaşamaqla bunu asanlıqla təkzib etmək olar. Tam əminəm ki, sorğuda sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri çox olub. Bilirik ki, xaricdəki ermənilər arasında əhval-ruhiyyə həmişə müharibədən yanadır. Bəs 44 günlük müharibə zamanı bu əhval-ruhiyyə bizə kömək etdimi? Nə qədər diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? Buna cavab vermək çətindir. Ermənistandan minlərlə kilometr uzaqda təhlükəsiz şəraitdə hökumətin sülh proqramına qarşı çıxmaq asandır. Döyüşmək istəyirlər, lap yaxşı. Gəlsinlər özləri döyüşsünlər, niyə bizi yeni müharibənin ağuşuna atırlar?”, - erməni analitik sual edib.

Arşakyan vurğulayıb ki, sorğudan əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir: “Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, onların arxasında duranlar sadəcə olaraq yeni mitinqlər, etirazlar yaratmaq üçün erməni cəmiyyətini çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içmiş “Qarabağ klanı”nı nəzərdə tuturam. Onların manipulyasiyasına və təbliğatına uysaq, qanımızı içməyə davam edəcəklər. Ən əsası odur ki, yeni müharibə olsa, döyüşən, ölən Moskvada, Krasnodarda, Parisdə və Los-Ancelsdə məskunlaşan ölkədən qaçmışlar yox, Ermənistanda yaşayan adi insanlar, kasıblar olacaq. Döyüşən, ölən Levon Köçəryan və ya Mikael Minasyan deyil, kasıb-kusubun balası olacaq. Ona görə də, onlara demək lazımdır – “sülh istəmirsən, o zaman silaha sarıl, sərhədə doğru get və hücum et”. Bunu etsələr, bəlkə bundan sonra ölkədə kimsə onlara inanar.

Müəllif: Turan Abdulla
ayna.az

Dünyapress TV

Xəbər lenti