Rusiya Ukraynaya müdaxilə etdikdən sonra ABŞ başda olmaqla Qərb dünyası Rusiyanın bu müharibədə qalib gələcəyinə imkan verməyəcəklərini dəfələrlə bəyan ediblər. Ancaq onların Ukraynaya göstərdikləri hərbi yardımların intensivliyinə və həcminə diqqət etdikdə sözlərilə əməlləri arasında ciddi fərq əyani şəkildə görünür. Hələ indiyədək Ukrayna ordusu lazımı sayda uzunmənzilli raketlərlə, Hava Hücumundan Müdafiə sistemləri, artilleriya qurğuları və mərmilərlə təchiz edilməyib.
Digər tərəfdən, Ukraynaya “F-16” qırıcı təyyarələrinin nə zaman və hansı miqdarda verilməsi barəsində müzakirələr davam etsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur. Hələlik ilk baxışdan belə təsəvvür yarana bilər ki, Qərbin Ukraynaya göstərdiyi zəif dəstək Rusiyanın döyüş mövqeyini gücləndirib. Lakin müharibə uzanacağı təqdirdə vəziyyət dəfələrlə dəyişə bilər. Artıq bir neçə aydır ki, Qərb KİV-ləri öz hökumətlərinin Ukrayna ilə bağlı strategiyasını sərt tənqid edir, onları daha qətiyyətli davranmağa çağırırlar. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşrinin “Görünür, Putin ən azı hələlik Ukraynada qalib gəlir” başlıqlı məqaləsində ABŞ və Avropa fəaliyyətsizlikdə qınanırlar.
Lakin bütun bunlara baxmayaraq, Qərb mətbuatı və analitikləri bu qanlı müharibənin pərdə arxasınıdak həqiqətlərin üstündən sükutla keçirlər və əsasən mənzərənin ümumi təsviri ilə kifayətlənirlər. Məsələn, “The Economist”-in sözügedən məqaləsində yazılır: ”Qərb Putini məyus etmək üçün çox şey edə bilərdi - istəsəydi Rusiyanı dəflərlə üstələyən sənayesini və maliyyə resurslarını işə salardı. Lakin fatalizm, saymamazlıq və strateji miqyasda düşünə bilməmək ona mane olur.”
Yəni, əslində bütün Qərb mediası Ukrayna müharibəsindəki ümumi vəziyyəti təxminən bu cür şərh edir. Sadəcə olaraq bu tip məqalələrdə həqiqət deyilirmiş kimi təsəvvür yaradılır, əslində isə dərində yatan böyük həqiqətlərin ört-basdır olunmasına çalışılır və kimsə Ukraynanın Qərb üçün geostrateji alət olduğunu söyləmir. İndi artıq bəlli olur ki, ABŞ və Avropa müxtəlif bəhanələrlə Ukraynaya vəd etdikləri silah və maliyyə yardımını tam həcmdə çatdırmaq niyyətində deyillər. Bir çox mətləblərin üstü açılandan sonra Qərb mətbuatı obyektivlik görüntüsü vermək naminə müəyyən tənqidi fikirlər səsləndirməyə başlayır. Beynəlxalq ictimai şüura təsir etmək üçün elə təsəvvür yaradırlar ki, guya Amerika və Avropanın uzağa hesablanmış geniş strateji planları yoxdur və onlar sanki baş verən hadisələrin arxasınca yürüyürlər. Avropa Birliyi Ukraynaya 50 milyard avro vəd verib, lakin deyirlər ki, bəs Macarıstan bu ödənişi gecikdirir (Çünki AB-də hər hansı qərarın qüvvəyə minməsi üçün onu hamı yekdilliklə dəstəkləməlidir.). Amerikada isə Baydenin 60 milyard dollar həcmindəki yardımı Konqresdəki respublikaçıların etirazı ucbatından əngəllənib. Göründüyü kimi, elə mexanizm qurulub ki, istənilən vaxt əsaslı arqument gətirə bilsinlər.
Putinin Ukraynaya hücumundan 21 ay ötüb və bu müddət ərzində lazım gələrdisə Qərbin nəhəng sənayesi Ukraynanın ehtiyaclarının ödənilməsinə yönələrdi. Təbii, bu fikirlər Avropada da səslənir, amma heç kim demir ki, Putinin güclənməsinə niyə imkan verildi. Niyə Qərb öz potensialını ortaya qoymur?
ABŞ və Avropa Rusiyanı güclü iqtisadiyyata və möhtəşəm orduya malik bir dövlət kimi görmək istəmir və buna imkan da verilmir. Amma Rusiyanın Ukraynaya məğlub olması və sonrakı mərhələdə onun parçalanması Qərbin nəyinə lazımdır? Məgər Qərbin əsl problemi Rusiyadır? Xeyr! Rusiya Qərblə iqtisadi və texnoloji rəqabət apar biləcək səviyyədən çox uzaqdır.
Ukraynanın Rusiya ilə müqayisədə böyük silah istehsalı sənayesi yoxdur və ona görə də onun Qərbə ehtiyacı var. Kollektiv Qərbin böyük geostrateji məqsədinin nədən ibarət olmasına gəldikdə isə, heç şübhəsiz ki, onlar həmişə “divide et impera” ("parçala, hökm sür") devizinə sadiqdirlər. Onlar üçün Rusiya birbaşa elə də çətin problem deyil. Onun öhdəsindən gəlmək üçün Ukraynaya samballı yardım göstərmək yetərlidir. Rusiyanın artıq geriyə yolu yoxdur, o, mütləq döyüşməlidir. Amerika və Avropa Rusiyanı Ukrayna vasitəsilə taqətdən sala bilər. Və əslində bəlkə də məhz bu həyata keçirilir.
Heç şübhəsiz ki, ABŞ və NATO Rusiya ordusunun bu müharibədən öncə də hansı potensiala malik olmasından xəbərdar idilər. Ukrayna müharibəsi tərifli və imkanları şişirdilmiş Rusiya ordusunun zəifliyini, bəzi hallarda isə acizliyini göstərdi. Rusiya tarix boyu apardığı bütün müharibələrdə əsgər sayına arxalanıb. Ukraynaya qarşı müharibədə də Rusiyanın ən böyük üstünlüyü məhz canlı qüvvədir.
Hazırda rusların Avdeyevka uğrunda döyüşlərdə böyük itkilər verməsinə baxmayraq, durmadan hücuma keçmələri buna sübutdur. Bəzi mənbələrin verdiyi məlumata görə, ruslar gün ərzində 800-900 nəfər əsgər itirir. Bəlkə də bu statistika doğru deyil, amma hər halda hətta bunun yarısı da böyük göstəricidir.
Ukrayna və Rusiya arasında uzunmüddətli müharibə hər iki tərəfi taqətdən salacaq və bu da Qərbin Avrasiya ilə bağlı geostrateji marağına cavab verir. Çünki müharibə nəticəsində böyük məkanda yarana bilcək boşluğu öz siyasi və iqtisadi məqsədi naminə doldura biləcək güc Çin yox, məhz Qərb ola bilər.
Ona görə də Rusiya ilə Ukrayna arasındakı müharibənin daimi münaqişə ocağına çevrilməsi ehtimalı böyükdür. Ola bilər ki, hətta tərəflər arasında atəşkəs də elan olunsun və müvəqqəti razılaşmalara da gedilsin, lakin bundan sonrakı dövrlərdə Rusiyanın qərb sərhədlərində dinclik və sabitlik olmayacaq və münaqişə zaman-zaman yenidən alovlanacaq. Müharibə uzandıqca itkilər çoxalacaq, bu isə Ukrayna üçün təhlükə deməkdir, ancaq sonrakı mərhələlərdə Kiyev müdafiə taktikasını tutsa və Rusiya ərazi zəbt etməyə girişsə, insan resursunun yetərincə olmasına baxmayraq, Moskva əsgər çatışmazlığı ilə qarşılaşa bilər. Çünki hələ ki, müharibədə ölənlərin əksəriyyəti mərkəzdən uzaq regionlardandır. Ancaq belə getsə, mərkəzi rayonlardan da xeyli sayda döyüşçü aparmağa başlayacaqlar. Digər tərəfdən müharibə uzandıqca Rusiyaya zərbələr içəridən vurulacaq və ölkə daxilindəki strateji obyektlərdə diversiya aktları artacaq.
Vaqif NƏSİBOV
“AzPolitika.info”