Həyat mənbəyimiz tükənir – SOS
Böhranı necə aradan qaldırmaq olar?

Azərbaycanda heç vaxt böyük miqdarda içməli su ehtiyatı olmayıb. Amma son illərdə vəziyyət daha da pisləşib və proqnozlara görə, ağırlaşma artacaq. 2025-ci ilə qədər ölkəmiz adambaşına ən aşağı su ehtiyatına malik 13 ölkə sırasına daxil ola bilər. Bu barədə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-lərin maliyyələşdirilməsi” hesabatında deyilir.

Bu problem niyə baş verir və vəziyyətin kritik həddə çatmaması üçün nə etmək lazımdır?

“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fuad Bağırov AYNA-ya açıqlamasında deyib ki, bu yaxınlarda onlar milli təşəbbüs qrupunun iclasını keçiriblər və orada ölkədə mümkün içməli su çatışmazlığı problemləri müzakirə olunub: “Digər mühüm məqam Azərbaycanda qrunt sularının vəziyyəti, qrunt sularının içməyə nə dərəcədə uyğun olmasıdır. Əsrimizdə su təhlükəsizliyi hər bir ölkə üçün strateji əhəmiyyət kəsb edib. Və bir çox sahələr, o cümlədən enerji, qida və nəqliyyat onun nə dərəcədə uğurla həll olunmasından asılıdır”.

“Ölkəmizdə həqiqətən də içməli su qıtlığı təhlükəsi var. Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda adambaşına düşən su ehtiyatı minimal olacaq (~972 m3/il). Bundan əlavə, ölkənin coğrafi mövqeyi iqlim dəyişikliyinə həssasdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişikliyi ilə bağlı hesabatında Azərbaycanın adı iqlim dəyişikliyindən ən çox təsirlənən 39 ölkə arasında yer alıb. Proqnozlara görə, havanın temperaturu 2-3ºC artacaq ki, bu da yaxın 50 ildə həm axar, həm də yeraltı suların tədarükünü 15% azalda bilər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ölkəmiz kifayət qədər məhdud su ehtiyatlarına, o cümlədən transsərhəd çayların çirklənməsi probleminə malikdir: “Region dövlətlərinin transsərhəd sulardan asılılıq səviyyəsi Azərbaycan üçün 76,6%, Ermənistan üçün 11,7%, Gürcüstan üçün 8,2% təşkil edir. Həm də suvarma sisteminin zəif olması səbəbindən kənd təsərrüfatında böyük su itkiləri var”.

Bağırov 2017-2035-ci illər üçün su ehtiyatlarının kompleks idarə edilməsi üzrə Azərbaycan Respublikasının su strategiyasının hazırlanmasını xatırladıb: “Onun məqsədi ölkənin davamlı sosial-iqtisadi inkişafını, habelə su təhlükəsizliyini təmin etməkdən ibarətdir, su təsərrüfatı kompleksinin inkişafını, su obyektlərinin mühafizəsini, əhalinin və ərazilərin suyun zərərli təsirindən qorunmasını, o cümlədən ölkənin su ehtiyatları sahəsində rəqabət üstünlüklərinin formalaşdırılması və həyata keçirilməsini nəzərdə tutur. Bunların təhsilə sərmayə qoyuluşu və su sektorunda yeni texnologiyaların tətbiqi, tullantı sularının təmizlənməsi və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına kapital qoyuluşunun artırılması hesabına həyata keçirilməsi planlaşdırlır”.

“Bu, ilk baxışdan yaxşı səslənir, əsas odur ki, icra səviyyəsi bizi ruhdan salmasın. Hələlik bu istiqamətdə xeyli işləmək lazımdır. Həll edilməli olan başqa problem də var. Əkinlər tez-tez fosfor gübrələri ilə gübrələnir və bu, uzun müddət istifadəsi ilə torpaqda fosforun yığılmasına səbəb olur. Qrunt sularında həddindən artıq miqdarda elementin göllər və çaylar kimi səth sularına sızmasına gətirib çıxara və şirin su mənbələrini çirkləndirə bilər. İçməli suda fosforun olması kimyəvi maddələrlə reaksiyaya girərək əlavə zərərli dizenteriya məhsulları əmələ gətirə bilər. Və belə su içmək böyrək xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər”, - deyə təşkilat nümayəndəsi vurğulayıb.

Ekoloq Əliheydər Məmmədov mövzuya dair AYNA-ya şərhində xatırladıb ki, Azərbaycan ərazisindən üç böyük çay - Kür, Araz və Samur çayları keçir: “Onlar həmişə ölkəni kifayət qədər su ilə təmin edib. Bundan əlavə, Azərbaycanın şimalındakı bütün dağlıq rayonlar çaylardan su alırdı. Böyük çaylara tökülən dağ çaylarını qorumaq lazımdır. Bir çox kiçik çaylar yoxa çıxır. Mövcud su birdən hara getdi? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi öz mənfi töhfəsini verdi”.

“İqlim dəyişikliyinə gəlincə, mənim bu məsələdə öz fikrim var. Belə dəyişikliklər 20-50 ildən sonra baş vermir və indi baş verənlər normal təbii prosesdir. O, hər an orada olub”, - deyə həmsöhbətimiz söyləyib.

Müəllif: Elya Belskaya
 

Dünyapress TV

Xəbər lenti