Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...
Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."
Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...
Çox çirkinsiniz haa...
A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?
Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki!
Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır...
Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...
Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!
Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr...
Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!!
Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi...
O zaman nə deməliydi bu camaat?
Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.
Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.
Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə!
Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.
Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar...
A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...
Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?
Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.
Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü...
Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi.