İlham Əliyev yaman kövrək olub.
Qarabağda işğal dönəmində törədilmiş erməni vəhşiliyindən danışarkən tez-tez qəhərlənir, gözləri dolur. Əlbəttə, bu, “Dəmir yumruq” adlı imicə müəyyən mənada kölgə salır. Ancaq mən onu başa düşürəm. İnsan nə qədər güclü də olsa, xalqına edilmiş zülmə soyuqqanlı münasibət göstərə bilmir. Xocalı qırğını haqqında emosiyasız danışmaq Azərbaycanın övladları üçün mümkünsüz görünür...
Ali Baş komandan olmaq sizə asan gəlməsin. Sən Azərbaycan naminə 18-20 yaşlı əsgərə, yeni ailə qurmuş nə qədər zabitə əmr edirsən ki, özünü oda-alova at və nəyin bahasına olursa-olsun vətəni düşmən işğalından qurtar. Və sən bilirsən ki, bu əmrin icrası zamanı nə qədər hərbçi şəhid olacaq, nə qədər ana oğulsuz, nə qədər qadın ərsiz, nə qədər uşaq atasız qalacaq. Bütün bunlara baxmayaraq sən o əmri verməyə məhkumsan. Azərbaycanın bugünü və gələcəyi naminə bu addım hökmən atılmalıdır. Sənin tərəddüd etməyə belə haqqın yoxdur. Hər hansı bir tərəddüd cəbhədə daha çox itki deməkdir. Ona görə də hər şey zərgər dəqiqliyi ilə hesablanmalıdır. Vaxtında əmr verilməlidir. Verilmiş əmr də mükəmməl şəkildə icra olunmalıdır...
İlham Əliyev bütün bunları bacardı. Onu kövrəldən həm də fotolrdan boylanan gənc şəhidlərin təbəssümüdür. Canı tikə-parça olmuş qazilərin ağrılarıdır. Qarabağ həsrəti ilə ölən on minlərlə qaçqının yurd həsrətidir onu kövrəldən...
Dəfələrlə yazmışam. Bir daha vurğulayıram. Şəhid ailələrinə, qazılərə xüsusi diqqət və qayğı olmalıdır. Onların hər biri dövləti daim yanında görməlidir, himayəsini hiss etməlidir. Biz xalq və dövlət olaraq onlara nə etsək də azdır. Heç olmasa bu azı onlardan əsirgəməyək...
Elbeyi Hesenli
Teref.az

Dünyapress TV

Xəbər lenti