Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Seçkilərdə xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, gələcək inkişafına və tərəqqisinə səs verdi. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu islahatlar həyata keçirilib. Azərbaycanın bu günkü inkişafı məhz ümummilli lider Heydər Əliyev siyasi xəttinin ölkəmizdə davam etdirilməsinin nəticəsidir. Sevindirici və qürurlandırıcı faktdır ki, Azərbaycan regionun lider dövləti kimi, eyni zamanda beynəlxalq arenada yüksək nüfuz və söz sahibidir. Çünki çoxşaxəli inkişaf strategiyalarının, müxtəlif iqtisadi, regional layihələrin uğurla icra edilməsi nəticəsində Azərbaycanın mövqeyi möhkəmlənməklə yanaşı, bir sıra dövlətlərlə əlaqələrin daha da yaxınlaşmasına səbəb olub. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başlayıb və bu da öz növbəsində Azərbaycan və Avropa arasında münasibətlərin daha da inkişaf etməsinə, digər bir sıra sahələrdə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verir. Dünyada enerji böhranının yaşandığı bir vaxtda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və təminatında əsaslı rol oynaması olduqca əhəmiyyətlidir, eyni zamanda bu, dövlətimizin bu sahədə digər dövlətlərə və xalqlara dəstəyinin təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin müdrik, uzaqgörən və praqmatik siyasətinin nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib. Artıq Azərbaycan çoxsaylı beynəlxalq təsisatlarda uğurla təmsil olunur, region və qeyri-region ölkələri ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini davam etdirir: “Ölkəmiz təkcə siyasi və diplomatik sahələrdə deyil, hərb sahəsində də qətiyyətini sübut edib. Belə ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində qələbə çalaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Əminliklə deyə bilərik ki, bütün dünya dövlət başçımızı yeni dövrün müasir lideri kimi qəbul edir və onun müstəqil siyasətini təqdir edir. Ölkəmiz region və dünya üçün təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq göstərir, özünün qətiyyətli mövqeyi və müstəqil siyasi iradəsi ilə dünyada sülhə, sabitliyə, əmin-amanlığa önəmli töhfələr verir.