“Xankəndində baş verənləri Rusiya amilini nəzərə almadan dəyərləndirmək yanlış olar. Aydındır ki, qanunsuz qurum orada hələ də fəaliyyətini davam etdirirsə, bunun yeganə səbəbi ərazidə Rusiya hərbi kontingentinin mövcudiyyətidir”.
Teref.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Ekspert bu nöqteyi-nəzərdən Araik Arutyunyanın istefasını 2 ehtimal-ssenari üzrə izah edir:
“Birinci ehtimal-ssenariyə əsasən bu hadisə Bakı və Moskva arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılmış addımdır.
Rusiya bölgədə öz maraqlarını qorumaq istəyirsə, bunun yolunun Azərbaycanla anlaşma şəraitində hərəkət etməkdən keçdiyini anlayır. Öz növbəsində Azərbaycan tərəfi də çalışır ki, Rusiya kimi önəmli regional güclə konfrontasiyaya getməsin, onun maraqlarını öz siyasətində nəzərə alsın. Eyni zamanda, Azərbaycan hakimiyyəti hər nə qədər Rusiyanın bölgədəki təsir imkanlarının zəifləməsində taktiki fayda görsə də, strateji planda onun regionu tamamilə tərk etməsində maraqlı deyil, çünki bu halda yaranacaq boşluğu Qərb doldura bilər.
Bakı böyük ehtimalla Arutyunyanın barəsində cinayət dosyesinin və axtarış qərarının olduğunu, bu səbəbdən onunla masaya oturmayacağını, Qarabağdakı erməni icmasının rəhbəri qismində başqa birini görmək istədiyini və bu halda Rusiyanın vasitəçiliyi ilə ermənilərlə dialoqu qəbul edəcəyini Moskvanın nəzərinə çatdırıb.
Artıq Ağdam-Xankəndi marşrutunun fəaliyyətə başlaması və bundan 1 sutka sonra Laçın yolunun da açılması ilə bağlı iki ölkə arasında konsensus var. Bunun davamı kimi Ermənistandan gəlmiş silahlı qrupların Azərbaycan ərazisindən çıxarılması, yerli silahlı dəstələrin tərksilahı, sülhməramlıların nəzarətindəki ərazidə Azərbaycanın suverenlik hüquqlarının bərpası və separatçı administrasiyanın buraxılması; bütün bunların əvəzində isə Rusiya sülhməramlılarının mandatının daha 5 il (minimum) uzadılması da baş verə bilər. Bu halda 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin mətninə və ruhuna uyğun olaraq srateji mahiyyətli Azərbaycan-Rusiya razılaşmasından bəhs edə bilərik.
İkinci ehtimal-ssenariyə əsasən Moskva Xankəndindəki qanunsuz qurumun rəhbərliyinə tamamilə özünə bağlı, onun direktivləri əsasında, İrəvana boylanmadan hərəkət edəcək bir fiquru gətirmək istəyir (Məcbur deyil ki, bu şəxsin adı Ruben Vardanyan olsun.).”
Təhlilçi hesab edir ki, Arutyunyan Paşinyana uzaq biri deyildi və onunla müəyyən sinxronluq şəraitində fəaliyyət göstərməyə çalışırdı, bu isə Rusiya üçün bəzi çətinliklər yaradırdı. Onun sözlərinə görə, Rusiyaya lazımdır ki, Qarabağda onun cızdığı çərçivədə, kontrollu gərginlik strategiyasına uyğun şəkildə hərəkət edəcək, lazım gəldikdə Ermənistan hökumətinə qarşı da istifadə edə biləcəyi bir kukla rejim mövcud olsun.
“Bu halda həm konflikt situasiyasını uzadıb, onu xroniki hala gətirmək, həm də yeni separatçı liderin “biz burda aclıq və səfalət şəraitində ölüm-qalım mübarizəsi aparırıq, Paşinyan isə Arsaxı satır” agitasiyası vasitəsilə Ermənistanın mövcud hökumətinə qarşı ölkə daxilində ümumxalq qəzəbini alovlandırmaq və dünya ermənilərinin gücünü Paşinyana qarşı yönəltmək mümkün ola bilər”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, Xankəndindəki radikallardan biri bu gün Arutyunyanın istefa qərarından sonra Ermənistanda da siyasi aktorların dəyişməsinin zəruri olduğu barədə açıqlama verib.
“Paralel şəkildə Moskva “Qarabağın rus icması”nı aktivləşdirmək və talış məsələsini gündəmə gətirməklə Bakıya göz dağı verir ki, mənim əlimdə əlavə təsir alətlərinin olduğunu da unutma... Hadisələrin hansı ssenariyə uyğun inkişaf edəcəyini izləyib, görəcəyik. Dəqiq məlum olan budur ki, Rusiya Qarabağdan çıxmaq niyyətində deyil”, - Şahin Cəfərli vurğulayıb.
AzPolitika.info