Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır.
Ermənistan bir tərəfdən Azərbaycandan BMT-yə şikayət edib, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirəsində israrlıdır, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırıb. Keçmiş illərdə biz işğalçı Ermənistandan BMT-yə şikayət edərdik, bu təşkilat hər dəfə “mənlik deyil” deyib topu ATƏT-ə atardı, o da ki mənasız danışıqlar aparardı. İkinci Qarabağ müharibəsindən sonra rollar dəyişib, hazırda müharibədə məğlub olmuş Ermənistan Azərbaycandan şikayət etməklə məşğuldur.
BMT Təhlükəsizlik Şurasında Ermənistanın şikayətinə baxıla bilərmi? Təhlükəslzik Şurasının daimi üzvü olan Fransa müzakirə təşəbbüsü ilə çıxış edə bilər. ABŞ və Böyük Britaniya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etsələr də, müzakirənin keçirilməsinə razılıq verə bilərlər. Təhlükəsizlik Şurasının dördüncü daimi üzvü Çin müzakirənin nə “lehinə”, nə də “əleyhinə” olacaq. Yerdə qalır Rusiya. Ukrayna müharibəsi fonunda Qərb-Rusiya münasibətləri gərgindir. Müharibədən əvvəl də BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin “hə”sinə Rusiya “yox”, Rusiyanın “hə”sinə Qərb dövlətləri “yox” deyirdi. Rusiya böyük ehtimalla bu dəfə də Qərb ölkələrindən birinin təşəbbüsünü dəstəkləməyəcək. Rusiya bunu həm də ona görə etməyəcək ki,
1)Cənubi Qafqaz mövzusu beynəlləşməsin;
2)Azərbaycanla sözdə olan tərəfdaşlığı zədələnməsin. Rusiya Fransanın təşəbbüsünü neytrallaşdırdığı halda İrəvan-Moskva münasibətlərində növbəti gərginlik yaşanacaq, Qarabağ separatçıları da narazı qalacaqlar. Bu isə bizim işimizə yarayacaq.
Bəs Ermənistan Laçın yolunun yaxınlığına niyə hərbi texnika cəmləşdirib? Aydındır ki, Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq.
Bu sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti