Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpgili açıqlama yayımlayan Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməyib. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff facebook səhifəsində “Ağ Evin Arsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendes dayanır. Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə zamansa heç olmazsa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik? Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir. Elxan Şahinoğlu Teref.az