Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, hazırlanan sülh müqaviləsi ilə bağlı yeni bəyanatla çıxış edib.
XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin rəhbəri Denis Qonçar TASS agentliyinə müsahibəsində Bakı və İrəvanın sülh sazişini imzalamağa tələsməməli olduğunu bildirib.
O, bütün hallarda sülh şərtlərini iki ölkənin özünün müəyyən etməli olduğunu, lakin tələsmək lazım olmadığını deyib: “Tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək. Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Sürət yox, keyfiyyət prioritet olmalıdır. Qarşılıqlı şəkildə həll yolları tapılmalıdır”.
XİN nümayəndəsi Qərb dairələrini vaxtaşırı olaraq Bakı və İrəvanın “az qala yaxın həftələr və aylarda” sülh müqaviləsini imzalaya biləcəkləri ilə bağlı bəyanat verməkdə də ittiham edib.
“Məsuliyyətli vasitəçilərin vəzifəsi konyuktur düşüncəyə yarınmaq xətrinə danışıqlar prosesini tələsdirmək deyil, uzunmüddətli və davamlı razılaşmalara kömək etmək olmalıdır. Onlar mövcud reallıqlara, ilk növbədə yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatına və onun əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, – Qonçar bildirib.
Vəssalam. Vaşinqton və Brüsselin vasitəçiliyi ilə sülh danışıqları intensivləşdikcə, sülh müqaviləsinin ilkin əlamətləri özünü göstərdikcə, eləcə də hazırda bölgədə yaranmış çox gərgin situasiyanın hansı şəkildə həll olunacağının konturları aydınlaşdıqca, Rusiya niyyətini açıq şəkildə ortaya qoyur – Sülh olmamalıdır!
Moskvanın birdən-birə yenidən sülh müqaviləsinin imzalanması məsələsinə qayıdaraq, onun əleyhinə çıxmasının səbəbi aydındır. Azərbaycan prezidenti İlham Əliyev də, Ermənistan Baş naziri Nikol Paşinyan da cəmi bir neçə gün öncə “Euronews” kanalına verdikləri açıqlamada sülh prosesindən danışmışdılar. İlham Əliyev hətta heç də hər şeyin rəvan getmədiyini etiraf etsə də, sülh müqaviləsinin bu ilin sonuna qədər imzalana biləcəyini də istisna etməmişdi.
Bəs sülh niyə olmamalıdır? Moskva anlayır ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Rusiyanı iki dövlət arasındakı proseslərdən tamamilə kənarlaşdıracaq. Üstəlik, Kremlin deyil, Qərbin moderatorluğu ilə keçirilən danışıqlar və imzalana biləcək sülh Rusiyanın bölgədən çıxmasını və yerini “düşməninə” verməsini sürətləndirəcək. Buna görə də, XİN nümayəndəsi “ən pis sülh, ən yaxşı müharibədən daha yaxşıdır” prinsipini pozaraq, sülhə tələsməməyə çağırır. Eyni zamanda, Rusiyanın buna seyrçi qalmayacağına da işarə edir. “Tələsik hazırlanmış sülh gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq”. Əminliklə deyilmiş bu cümlə, Moskvanın mesajı kimi dəyərləndirilə bilər.
Kreml, həm də, onun iştirakı olmadan heç bir sülhün olmayacağını da diqqətə çatdırır. “Vasitəçilərin köməyi mövcud reallıqlara, ilk növbədə yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatına və onun əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır” cümləsi buna mesajdır. Üçtərəfli bəyanatın əsasında fəaliyyət göstərən mexanizm isə bölgədə Rusiya “sülhməramlılarının” olmasına işarədir. Yəni, bizim hərbi mövcudiyyətimiz və prosesə təsirimi şübhə altına alınmamalıdır. Bununla da Rusiyanın bölgəyə 5 il müddətin gəlmədiyi, daha uzun müddət burada qalmaq istəyəcəyi barədə deyilənlər özünü doğruldur.
Yeri gəlmişkən, Rusiyanın iki il sonra bölgədən getmək istəmədiyini Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da bir neçə gün öncə açıq mətnlə dilə gətirib. Zaxarova ənənəvi brifinq zamanı Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra Rusiyanın ünvanına iddialar səsləndirməsini qəbuledilməz adlanıdırb və… “sülhməramlıların missiyası” barədə danışıb: “Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması ilə bağlı arqumentləri, xüsusən də indiki son dərəcə çətin humanitar vəziyyət fonunda tamamilə anlaşılmazdır. Bu, cənab Paşinyanın istəyidir? Hamıya məlumdur ki, sülhməramlılar mühüm funksiyaları yerinə yetirirlər. Doğrudanmı, bu fəaliyyət Ermənistan rəhbərliyi baxımından gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”
Maraqlıdır ki, Ermənistan tərəfi heç bir zaman “sülhməramlıların” Qarabağdan çıxarılmasını tələb etməyib, sadəcə onların fəaliyyətinin “yarıtmaz” olduğundan şikayətlənib. Paşinyan isə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsinin konkret məqsədi var. Bu, mülki əhali arasında kütləvi itkilərin qarşısını almaqdır. Rusiya Dağlıq Qarabağdan çəkilmək qərarına gəlsə, bu, minimum, o deməkdir ki, əhalinin kütləvi ölüm təhlükəsi artıq mövcud deyil.
Zaxarova bu dəfə də Paşinyanın konkret nə dediyini açıqlamayıb. Və əslində demədiyi sözə istinad edərək, Moskvanın niyyətini açıqlayıb. Yəni, Rusiya getdikcə maskaların çıxarılması prosesinə başlayıb. Sülh olmamalıdır və biz Qarabağda qalmalıyıq.
Növbəti sual ona bu imkanın verilib-verilməyəcəyi ilə bağlıdır.