Konstitusiya referendumuna doğru: bu payızın “isti” olacağı, çox şeyin dəyişəcəyi gözlənilir
Erkin Qədirli: “Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir”

Vahid Əhmədov: “Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir”

Azər Qasımlı: ““Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb”

Azərbaycanda payızda konstitusiya referendumu keçiriləcəyi ilə bağlı qeyri-rəsmi məlumatlar səngimək bilmir. Ehtimalları gücləndirən amillərdən biri də bu ilin büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin artırılmasıdır. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Bu günlərdə REAL Partiyasından olan deputat Erkin Qədirlinin açıqlaması da referendum keçiriləcəyinə inamı artırıb. Millət vəkili qeyd edib ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Deputat xatırladıb ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.

Deputat bir qədər dəqəqləşdirərək vurğulayıb ki, referendum konstitusion islahatlarla bağlı olacaq: “Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

“Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir. 1995-2002 illərdə bizdə proporsional seçki olub. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, – Erkin Qədirli sosial şəbəkə hesabında yazıb.

Deputat iddia edib ki, Nazirlər Kabinetinin strukturunda da dəyişikliklər olacaq. Yerli ekspertlər də hesab edirlər ki, ya Nazirlər Kabinetinin səlahiyyətləri genişləndiriləcək, ya da ümumiyyətlə, Kabinet ləğv ediləcək, vitse-prezident institutu gücləndiriləcək, Prezidentin xüsusi nümayəndələrinin funksiyaları daha da artırılacaq.

Payızda referendum keçirilməsini hökumət mənbələri təkzib edib. “Qafqazinfo”nun hakimiyyət mənbələrindən əldə etdiyi məlumata görə, referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə hər hansı bir plan, perspektiv nəzərdə tutulmayıb.

Mənbənin sözlərinə görə, deputat Erkin Qədirlinin referendumun keçiriləcəyi və baş verəcək dəyişikliklərlə bağlı iddiaları onun şəxsi mülahizələridir. Belə bir məsələ yoxdur.

Məsələ ilə bağlı digər deputat Vahid Əhmədov AYNA-nın suallarını cavablandırarkən bildirib ki, referendumun keçirilməsi mümkündür:

Ümumiyyətlə, bununla bağlı çoxdan söz-söhbətlər var. Mətbuatda da referendumla bağlı xeyli yazılar dərc edilib, təkliflər səsləndirilib. Bizdə də müəyyən məlumatlar var. Biz struktur dəyişikliyi aparacağıqsa, buna gedilməlidir. Cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələr hesab edirəm ki, özünü doğruldur. Bu istiqamətdə ciddi işlər gedir. Bu proses baş verəcəksə, əlbəttə, referendum mütləq olmalıdır”.

“Milli Məclisə seçkilərlə bağlı da söhbətlər var, proporsional sistemin bərpası, mojaritar sistemin qalması, qarışıq sistem, deputat sayının artırılması və s. ola bilsin ki, bu da baş versin. Mən Erkin Qədirlinin o fikirlərini oaxudum, ola bilsin ki, dedikləri məsələlərin bəziləri doğrudur. Amma ola bilər ki, dediyi məsələlərin içərisində həqiqət olmayanlar da var. Amma referendumun keçirilməsi vacibdir”, - deputat əlavə edib.

Nazirlər Kabineti ilə bağlı məsələyə gəlincə, V.Əhmədov qeyd edib ki, bu barədə zamanında təkliflər səsləndirib: “Hesab edirəm ki, vitse-prezidentlik institutu tam gücü ilə işləməlidir. Birinci vitse-prezident var, yaxşı da işləyir. Digər vitse-prezidentlər də olmalıdır ki, müəyyən sahələrə baxsınlar. Nazirlər Kabineti paralel strukturdur. Nazirlər Kabinetinin yüksək səlahiyyəti də yoxdur ki, bu, müəyyən problemlər yaradır. Ya prezident vitse-prezidentlik institutunu gücləndirmək lazımdır, Nazirlər Kabinetini də ləğv etmək lazımdır, ya da ki, Nazirlər kabinetinin səlahiyyətlərini artırmaq, onu möhkəmləndirmək və saxlamaq lazımdır”.

“Referendumun keçirilməsi çox vacibdir. Çünki bu dəqiqə yerli icra orqanları özünü doğrultmur. Baxın, son illərdə neçə icra başçısı həbs olundu, neçəsi vəzifədən çıxarıldı, cinayət işi açıldı. Eləcə də icra başçılarının bəzilərinin vətəndaşlarla davranışları yerində deyil. Bunlar sual doğuran məsələlərdir. Prezidentin səlahiyyətli nümayəndəsi institutu özünü doğruldubsa, icra başçılarına nə ehtiyac var. Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir. Əvəzində bələdiyyələrə müəyyən səlahiyyət vermək lazımdır ki, onlar işləsinlər, xalqın sosial vəziyyəti ilə məşğul olsunlar”, - deyə Əhmədov fikrini tamamlayıb

Siyasi Menecment İnstitutunun rəhbəri, analitik Azər Qasımlı AYNA-ya bildirib ki, referendumun keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır: “Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir. Mən deyə bilmərəm ki, bunu payızda edəcəklər, gələn il, yoxsa beş il sonra. Bu, siyasi qərardan asılıdır. Amma referenduma gedilməsi zərurəti var və hökumət də bunu anlayır”.

“Konstitusiyaya dəyişikliyə gəldikdə isə ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan Konstitusiyası sıfırdan yazılmalıdır. Azərbaycanda siyasi sistemdə köklü dəyişiklik olmalı, kiçik ərazilərdə yerli özünüidarəetmə orqanlarının, yəni ki, bələdiyyələrin imkanları artırılmalıdır. Böyük şəhərlərdə isə seçkili orqan olaraq mer idarəetmə forması qurulmalıdır”, - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu
 

Dünyapress TV

Xəbər lenti