İsveçin NATO-ya üzvlüyünə Türkiyə niyə razılıq verdi?
İsveçin NATO-ya üzvlüyü Rusiya üçün fəlakətin başlanğıcı deməkdir - NİYƏ?
Mövzuya keçməmişdən əvvəl bu suala cavab axtarmağa çalışaq: İsveçin NATO-ya üzvlüyünə Türkiyə niyə razılıq verdi?
Cavab: çünki İsveçdən öz istədiklərini böyük ölçüdə aldı.
Məlum olduğu kimi, Türkiyə 30 İyun 2022 NATO Madrid Sammitində İsveç və Finlandiya ilə imzaladığı üçlü protokolun öhdəliklərinin yerinə yetirilməsini istəyirdi. İsveç isə bu istiqamətdə bəzi addımlar atmışdı. Türkiyəyə qarşı müdafiə sənayesi embarqosunu ləğv etmiş, Konstitusiyasını dəyişib, antiterror qanunu çıxarmışdı. Bir növ Türkiyənin tələblərinin hüquqi bazasını yaratmışdı, sadəcə onu praktik olaraq həyata keçirməmişdi; terrorçu ünsürlərin fəaliyyətinə qadağa qoyulmamış, Türkiyənin tələb etdiyi terrorçuları ona təslim etməmişdi.
Zənnimcə, praktik fəaliyyət hüquqi bazanın yaradılmasından sonra həyata keçirilə bilər. Bunun üçün isə zaman lazımdır.
İsveçin indiki hakimiyyətinin Madrid sammitində üzərinə götürdüyü öhdəlikləri hələ ki yerinə yetirə bilməməsi onun yumşaq qarnı ilə bağlıdır. Bildiyimiz kimi, İsveçin indiki hökuməti çox incə teldən asılıdır. Ötən il Türkiyənin irəli sürdüyü şərtləri qəbul edə bilməyən sol blok hökumətinin dağılmasından sonra quruldu. 173 səsə qarşı 176 səs müqabilində. Ona İsveç Demokrat Partiyası da kənardan dəstək verdi. Deməli, mövcud hökumətin ictimai rəydə xoş qarşılanmayan hər hansı addımı onun da devrilməsi ilə nəticələnə bilər. Beləcə, İsveçin NATO-ya üzvlüyü daxili səbəblərdən baş tutmaz. Ölkənin təhlükəsizlik məsələləri isə NATO-ya üzvlük hədəflərinin dərhal reallaşmasını tələb edir və Stokholm bunu sonrakı mərhələyə saxlaya bilməz. Bu baxımdan mümkündür ki, İsveçin NATO-ya üzvlüyü tam reallaşdıqdan sonra hökumət bu addımları atsın, əgər hökumət dağılarsa, erkən seçimlərə getsin.
İsveçin qarşısında dayanan ən böyük əngəllərdən biri də bəzi qüvvələrin islama həqarət edən addımları idi. Xüsusilə Quranın yandırılması kimi əməllər Türkiyəni qıcıqlandırmaq məqsədi güdür və böyük ehtimalla Moskvaya bağlı qruplar tərəfindən həyata keçirilirdi. Fikrimcə, Ankara da bu təxribatın fərqindədir və İsveç hökumətinin zəifliyini nəzərə alıb bu məsələnin üstünə çox getməyəcək. Əks halda təxribatı planlaşdıranlar öz məqsədlərinə çatmış olarlar. Yeri gəlmişkən, NATO-nun Baş katibi Yens Stoltenberq də yəqin ki, bunu nəzərdə tutaraq, İsveçin NATO-ya üzv olmamasının Rusiyanı və İranı sevindirir demişdi.
Bəs, İsveçin NATO-ya qəbulu bu alyansa nə verəcək?
İlk öncə, NATO-nun ən zəif həlqəsi Baltikyanı ölkələrin və Finlandiyanın təhlükəsizliyini ciddi şəkildə möhkəmləndirəcək. Məlum olduğu kimi, bu ölkələrin bir yerdə cəmi 12 milyon civarında əhalisi var: 5.5 milyon Finlandiya + 1.5 milyon Estoniya + 1.9 milyon Latviya + 2.8 milyon Litviya.
Bu qədər az əhalisi olmasına baxmayaraq, ərazi Rusiyanın NATO ölkələri ilə sərhədlərinin böyük hissəsini təşkil edir. Təkcə Finlandiya ilə Rusiyanın sərhədi 1350 km-dir. Təbii ki, bu qədər geniş ərazinin qorunması üçün ölkələrə xeyli sayda əsgər lazımdır. Region ölkələri bunu təkbaşına reallaşdıra bilməzlər. Odur ki, həmin ölkələr mütləq NATO müttəfiqlərinin hərbi qüdrətindən də faydalanmalıdırlar.
2. Suvalki dəhlizi güvəncə altına alındı
Litva ilə Polşa arasında 100-120 km sərhəd var. Suvalki dəhlisi adlanan bu sərhəd bir tərəfdən Belarus, digər tərəfdən isə Rusiyanın Kalininqrad eksklavının təzyiqi altındadır. Rusiya Kalininqrada quru kommunikasiya əlaqələrini bərpa etmək bəhanəsini irəli sürüb dəhlizi ələ keçirsə, Baltikyanı ölkələrlə Finlandiyanın NATO ölkələri ilə bütün əlaqələri kəsilə bilər. Belə bir ağır perspektivlə üzləşməmək üçün Finlandiyanı NATO müttəfiqləri ilə birləşdirən torpaq ərazisi də alyansın nəzarəti altında olmalıdır. Bu isə İsveç deməkdir. Belə çıxır ki, İsveçin NATO-ya daxil olması regionun bir vahid kimi birləşdməsi günün ən aktual məsələlərindən biri idi. Türkiyə İsveçə razılıq verməklə bu problemin həllini asanlaşdırdı.
3. Baltik dənizi Rusiyanın əlindən tamamən çıxdı
Rusiyanı Avropaya və dünyaya bağlayan ən önəmli su hövzələrindən biri Baltik dənizidir. Baltik dənizinə Rusiyanın iki çıxışı vardı: Leninqrad və Kalininqrad. Baltik dənizinin suyu yarım şirin olduğundan ilin mühüm hissəsi don altında olur. Xüsusilə onun şərq hissəsi həm duzsuzluğu, həm də dayazlığı səbəbindən daha uzun müddətə donur. Duzluluq nisbəti Baltikin qərbinə doğru irəlilədikcə artır. Rusiya məhz buna görə Baltik donanmasını Kalininqradda saxlayırdı. İsveçin NATO-ya daxil olmasından sonra bölgəyə ABŞ və Qərb ölkələrinin hərbi gəmiləri lövbər salacaq. Beləcə, Rusiyanın Baltik donanması da tamamilə hərəkətsiz hala düşəcək.
4. Rusiyanın ən yaxın müttəfiqi Belarusun 3 tərəfdən mühasirəsi daha da möhkəmlənəcək. Nəticədə bu ölkənin getdikcə nəfəsi daralacaq və iqtisadi, siyasi təzyiqlər ölkə əhalisinin Lukaşenko hakimiyyətinə qarşı ayaqlanmasına yol açacaq.
5. Baltik dənizinin tam ortasında 3 böyük ada yerləşir: Qotland, Saare və Oland. Xüsusilə İsveçin Qotland adası Baltik dənizinə və sahil dövlətlərinə nəzarətin açarı sayılır. Bu xüsusiyyəti ilə onu Qara dənizdəki Krım yarımadasına bənzədə bilərik. İsveçin NATO-ya daxil olması ilə Qotland da ABŞ-ın nəzarətinə keçəcək. Beləcə, Rusiyanın həyati boğazı ABŞ-ın çaynağında olacaq.
6. Baltik dənizi Rusiyanın balıqçılıq və ticarət sektorları üçün də çox vacib su hövzələrindədir və İsveçin NATO-ya üzvlüyündən sonra Moskva bu avantajını da itirəcək.
Qısası, İsveçin NATO-ya daxil olması Rusiya üçün fəlakətin başlanğıcı anlamına gəlir.
Heyder Oguz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti