Moskvada dəhliz, Brüsseldə sərhəd, Vaşinqtonda isə sülh... -
ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüş bir neçə gün çəkdi. Adətən Vaşinqtonda bu cür görüşlər uzun çəkir. Demək ki, detallı müzakirələr olub. Amma görüşün nəticəsi olaraq açıqlanan odur ki, hələ konseptual məsələlər üzrə razılıq yoxdur. Ola bilsin ki, kiçik detallar üzrə razılıqlar var. Böyük irəliləyiş hələ ki, əldə olunmayıb.

Bunu Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Vaşinqton görüşlərinin nəticəsinə dair müəyyən ümidlər var idi:

“Görünür, ermənilərin Qarabağda törətdiyi təxribata cavab olaraq Azərbaycanın adekvat tədbirləri də görüşün mahiyyətinə təsir edib. Çünki Ermənistan hakimiyyəti dediyini etməyə qorxur. Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü səviyyəsində tanımağa hazır olduğunu bəyan etmişdi. Əslində bu yanaşma məsələnin böyük ölçüdə həll idi. Sadəcə bunun sənəddə əks olunmasını geçikdirirlər”.

Politoloq hesab edir ki, qarşı tərəf yenə də Qarabağ məsələsini önə çəkir:

“Orada hansısa təhlükəsizlik və təminatdan danışılır. Buna da Azərbaycan razı ola bilməz. Çünki bu ölkəmizin daxili məsələsidir. Görünən odur ki, Vaşinqtonda bu məsələlərdə razılıq yoxdur”.

Elxan Şahinoğlu ABŞ-da iki tərəfli və üçtərəfli müzakirə olunan məsələlərə də münasibət bildirib:

“Əslində bütün məsələləri eyni zamanda həll etmək mümkün deyil. Azərbaycanın Ermənistanla həll etməyə çalışdığı üç məsələ var. Bunlar sülh sazişi, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizidir. Hazırda Vaşinqton konseptual sülh sazişi üzərinə fokslanıb. Çünki sülh əldə edilsə digər proseslərin həlli də sürətlənə bilər. Eyni zamanda Vaşinqton hər üç məsələyə baxa bilməz. Burada fikir ayrılıqları çox dərindir. Fakt odur ki, dəhliz məsələsi ilə daha çox Moskva məşğul olur. Avropa İttifaqı isə daha çox sərhədlərin müəyyənləşməsinə diqqət ayırır”.
 
 
 

Dünyapress TV

Xəbər lenti