Bu hesablaşmanın mütləq qalibi ən qısa zamanda məlum olmasa, növbəti qiyam bütün Rusiyanı bürüyə bilər
Rusiya son hərbi-siyasi təlatümlərin təsirindən hələ də çıxa bilməyib. "Vaqner"in yarımçıq qalmış hərbi qiyamı Kremlin əsas probleminə çevrilib. İndi daha çox "Rusiyada qiyam bitdimi, yoxsa hələ də davam edirmi" məzmunlu suallar rus ictimai fikrində aktual olaraq, qalmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, "Vaqner"in hərbi qiyamı ətrafında müzakirələr istənilən halda, əsas sualları məhz Rusiya prezidenti Vladimir Putinin üzərində indekskəşdirir. Çünki hazırda prezident Vladimir Putin Rusiya dövlətçiliyi və onun gələcək taleyi baxımından, "açar fiqur" rolunu oynayır. Ona görə də, prezident Vladimir Putinin Rusiya dövlətçiliyi üçün önəmi ilə yanaşı, Kreml sahibinin bundan sonra hakimiyyətdə qalmasının ölkənin gələcək taleyinə təhlükəli ola biləcəyi də mübahisələrə yol almaqdadır.

Məsələ ondadır ki, Rusiya öz müasir tarixində artıq üçüncü dəfədir, oxşar hərbi-siyasi proseslərdən keçmək məcburiyyətində qalıb. İlk dəfə keçmiş SSRİ adlanan ölkənin paytaxtı olan Moskvada hərbi-siyasi qiyam yatırılsa da, dövlət çevrilişi hər halda, baş verdi. "Demokrat şineli"nə bürünmüş keçmiş prezident Boris Yeltsin və yaxın ətrafı hakimiyyətə gəldi. Keçmiş SSRİ parçalanıb, dağıldı, yeni dövlətlər yarandı.

İkinci oxşar hərbi-siyasi proseslər prezident Boris Yeltsinin istefası ilə nəticələndi. Rusiya "dərin dövləti" o vaxt demək olar ki, heç kimin tanımadığı indiki prezident Vladimir Putini hakimiyyəti gətirdi. Prezident Vladimir Putin Rusiya tarixinə ölkədə silahlı separatizmin zərərsizləşdirilməsi ilə düşmüş oldu. Kreml sahibi zəifləmiş mərkəzi hakimiyyəti gücləndirdi, Rusiyadan ayrılmaq istəyən federasiya subyektlərinin ipini çəkdi. Nəticədə prezident Vladimir Putin parçalanmaq təhlükəsi ilə üzləşmiş Rusiyanı xilas etdi.

Ancaq Kreml sahibinin güclü dövlət lideri hesab olunduğu dövr artıq arxada qalmağa başlayıb. Çünki "Vaqner"in hərbi qiyamı yarımçıq qalmış olsa belə, prezident Vladimir Putinin imicini korlamaq, siyasi avtoritetini zəiflətmək üçün tamamilə yetərli oldu. Hər halda, indi Kreml sahibi əvvəlki kimi, nüfuza və etimada malik deyil. Ukrayna savaşında Rusiyanın çətin duruma düşməsinə paralellik təşkil edən hərbi qiyam ölkədə yeni siyasi liderə ehtiyacın olması barədə qənaətləri ön plana çıxarıb.

Təbii ki, belə qənaətlərin güclənməsi üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Hər halda, "Vaqner"in hərbi qiyamı Rusiyanın illərlə yığılmış fundamental problemlərini açığa çıxartdı. Məlum oldu ki, Rusiyanın siyasi idarəçilik sistemi köhnəlib, müasir tələblərə cavab vermir, dövlətə qarşı real təhlükələrə reaksiya göstərə bilmir. Və sürətli islahatlar aparılmazsa, növbəti hərbi-siyasi böhran Rusiya dövlətinin sonunu gətirə bilər.

Hər halda, indi bütün dünya Rusiyanın müdafiə sisteminin ciddi şəkildə zəif olduğuna əmindir. Çünki "Vaqner"in cəmisi 25 minlik silahlı qruplaşma ilə bütün ölkənin içindən keçib, paytaxt Moskvanın 200 kilometrliyinə qədər irəliləyə bilməsinin başqa izahı yoxdur. Düzdür, Kremlə yaxın siyasi dairələr "Vaqner"in qiyamının məhz prezident Vladimir Putinin hiyləgər planına uyğun imitasiya olduğunu iddia edirlər. Böyük ehtimalla bu, Kreml sahibinin imicini və avtoritetini xilas etmək uydurulmuş propoqanda tezisidir.

Əks halda, Kreml sahibinin bu "hiyləgər plan"ının məqsədini də açıqlayardılar. Üstəlik, əgər, bu, prezident Vladimir Putinin planıydısa, niyə onun qarşısını almaq üçün Belarus lideri Aleksandr Lukaşenkoya minnətçi düşdülər. Yəni, prezident Vladimir Putin özünün planlaşdırdığı qiyamı özü də yatıra bilməzdimi?

Halbuki, qiyamçılarla dil tapdığı üçün belaruslu həmkarına təşəkkür etmək məcburiyyətində qalan Kreml sahibi indi "Batka"ya borclu duruma düşüb. Yəqin ki, Belarus prezidenti yaxın gələcəkdə bu borcun geri ödənməsini hakimiyyəti zəifləmiş Kreml sahibindən tələb etməkdən qətiyyən çəkinməyəcək. Və bu, Rusiyanın hətta Belarusdan belə, asılı vəziyyətə düşmək üzrə olduğunu göstərir.

Ancaq bütün bunlarla yanaşı, Kremlin əsas problemləri məhz Rusiyanın daxilindədir. Çünki son hadisələr Rusiyanın dərin hərbi-siyasi böhran yaşamaqda olduğunu biruzə verir. Ən əsası isə bu böhran ən qısa zamanda aradan qaldırılmazsa, Rusiyanın fundamental daxili problemləri həll edilməzsə, növbəti hərbi qiyam qaçılmaz ola bilər. Hər halda, "Vaqner" olmasa belə, Rusiyada qiyama cəsarət edəcək fərqli güclər də mövcuddur. Və "Vaqner"in ortaya çıxartdığı real mənzərə növbəti qiyamın uğur qazana biləcəyini qətiyyən istisna etmir.

Belə anlaşılır ki, Putin hakimiyyəti ölkədə siyasi idarəçilik sistemini dəyişməzsə, qiyam təkrarlana bilər. Əslində, bu reallığı həm Rusiya cəmiyyəti, həm də Kreml başa düşür. Yəni, Rusiya üçün tarixi xarakter daşıyan "aşağılar əvvəlki kimi idarə olunmaq istəmir, yuxarılar isə daha əvvəlki kimi idarə etməyi bacarmır" tezisi növbəti dəfə aktualdır.

Ancaq əsas paradoks ondan ibarətdir ki, hazırda Rusiyada nə aşağılar, nə də yuxarılar mövcud vəziyyətdən çıxış yollarını bilmir. Aşağılar Kremlin ənənəvi avtoritar idarəçilik metodlarından başqa heç bir örnəyə malik deyil. Yuxarılar isə həmin örnəyin dəyişdirilməsinə həvəsli deyil, hətta bunu böyük təhlükə hesab edir. Və bu isə Rusiyada siyasi labirint yaradır.

Halbuki, indi Rusiya siyasi dairələri üçün əsas məsələ "Vaqner"in qiyamını stimullaşdıran səbəbləri müəyyən etməkdən ibarətdir. Hər halda, Kremldə artıq şübhə etmirlər ki, "Vaqner"in qiyamı bir neçə ay əvvəldən hazırlanmış və Rusiyanın hərbi-siyasi elitasına daxil olan bəzi qruplaşmalar tərəfindən dəstəklənən bir plana bağlı proses idi. Əks halda, silahlı dəstələr belə asanlıqla, heç bir əngəllə üzləşmədən paytaxt Moskvaya qədər yürüş edə bilməzdi.

Kremldə hələlik Rusiya ordusunun üç önəmli generalının istintaqa cəlb etməklə, Rusiyaya xəyanət edənlərin ifşa edilməsinə çalışırlar. Ancaq daha 13 generalın da istintaqa cəlb edilməsinə icazə üçün prezident Vladimir Putinə müraciət olunduğu bildirilir. Əgər, bu barədə məlumatlar doğrudursa, deməli, rus generalitetinin önəmli bir hissəsi prezident Vladimir Putinə qətiyyən sadiq deyil.

Digər tərəfdən, "Vaqner"in Rusiya kəşfiyyatının dəstəyi olmadan qiyama cəsarət etməsi də qətiyyən inandırıcı görünmür. Əks halda, dünyanın hər yerindən məlumat almağı bacaran rus kəşfiyyatı "Vaqner"in qiyama hazırlaşdığını dərhal Kremlə bildirərdi. Halbuki, Rusiya kəşfiyyatı müəmmalı şəkildə qiyam hazırlığı barədə uzun müddət susub.

Onu da nəzərə almaq lazımdır ki, "Vaqner"in yaradılmasında Dövlət Kəşfiyyat İdarəsi (QRU) bu layihənin əsas müəllifi olduğu bildirilir. Bu baxımdan, Rusiya hərbi kəşfiyyatının nəzarəti ilə yaradılmış "Vaqner"in Qərbdən təlimatlar alması barədə iddialar öz əhəmiyyətini itirmiş olur. Əgər, belə bir xəyanət olsaydı, Rusiya kəşfiyyatı ilk növbədə Yevgeni Priqojini və onun yaxın ətrafını dərhal zərərsizləşdirə bilərdi.

Göründüyü kimi, "Vaqner" qiyamı ilə bağlı olduqca müəmmalı məqamlar mövcuddur. Həmin müəmmalı məqamların istiqaməti birbaşa rus generalitetinə və Rusiya kəşfiyyatına doğru yönəlir. Belə anlaşılır ki, Rusiyanın dövlət sistemində ciddi çatlar mövcuddur və hazırda daxili hesablaşma davam edir. Bu isə o deməkdir ki, Rusiyada "qiyam kabusu" hələ aktualdır. Yəni, əslində, qiyam Kremlin divarları içərisində davam edir. Və əgər, bu hesablaşmanın mütləq qalibi ən qısa zamanda məlum olmasa, növbəti qiyam bütün Rusiyanı bürüyə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 

Dünyapress TV

Xəbər lenti