Qalstuk zümzüməsi...
Azərbaycanda idarəetmənin ümumi fəlsəfəsi gücünü köhnə müstəmləkə məktəbindən alır. Müstəmləkə məmuru həm də bir xalq tərbiyəçisi idi.
Qədim Roma müstəmləkə düşüncəsinə görə Romanın tabeliyində olmayan bütün xalqlar barbar idi. İngilis, fransız imperialistləri üçün də asiyalılar, afrikalılar mədəniyyətdən nəsibini almamış xalqlar, tayfalar idilər.
Rusların gözündə də biz eyni barbar statusa sahib idik. Ona görə yaradılan bürokratik sistem bizi idarə etməklə yanaşı, həm də "əhliləşdirməli" idi. Yəni barbar iradəmizi sındırmalıydı.
Xalqla dövləti təmsil edən sovet məmuru arasında konflikt də buna görə yaranırdı və xalq ağına-bozuna baxmadan onun iradəsini sındırmağa gələn dövlətə kin bəsləyirdi.
Oxşar hallar bu gün də yaşanır. Bu gün də qalstuk taxan hər bir azərbaycanlı qalstuk taxmayan digər həmvətənlisinə tərbiyəyə, əhliləşməyə ehtiyacı olan biri kimi baxır, onun öncə iradəsini sındırmağa çalışır. Aralarında yeganə fərq isə birinin qalstuk taxıb, o birinin taxmamasıdır. Başqa heç bir barbarlıq, mədənilik fərqləri yoxdur.
İnsanlarda milli dövlətə qarşı qıcıq yaradan da qonşu kənddə böyüyüb vəzifəyə gələn Gülağanın "kiçik gedəsini" qarşılarında müstəmləkə məmuru kimi görmələridir.
Yəni sovet vaxt Həsən keçəl idi, indi keçəl Həsəndir. Bu köhnəlmiş idarəetmə fəlsəfəsində, praktikasında dərin islahatlara ehtiyac var.

Amma bu yazdıqlarım "mədəniyyətin arasıkəsilməz zorakı proses" olduğu həqiqətini dəyişmir. Bakıdan bircə gün hərəkət qaydaları işarələrini yığışdırsaq, yollarda şahə qalxıb kişnəyən avtomobillər peyda olar.

Aqşin YENİSEY - DİA.AZ

Dünyapress TV

Xəbər lenti