Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ Ermənistana aid olmayıb. Bəs kimə aid olub? Paşinyan bu barədə heç nə deməsə də, söhbətin Rusiyadan getdiyi aydındır. Paşinyan iclasın qapalı hissəsində Ermənistan silahlı qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib. Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib. Azərbaycan prezidenti İlham Əliyev müharibədən sonra “İskəndər-M” raketi ilə bağlı Kreml qarşısında bir neçə dəfə məsələ qaldırıb. İlham Əliyev Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş “İsgəndər-M” raketi qalıqlarının Şuşada tapılmasından sonra bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. “Bu çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm” – deyən İlham Əliyev Rusiya prezidenti ilə telefon danışığı zamanı bu sualı ona verdiyini və cavabı bilmək istədiyini vurğulayıb. Putinin cavabı olmayıb. Rusiya prezidenti nə cavab verə bilərdi? Kreml sahibi bəlkə də özünün əmriylə “İskəndər-M” raketi ilə Azərbaycan ərazisinə zərbə endirdiyini etiraf etməyəcəkdi ki. Rusiya genellarından biri Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” raketi verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi? Paşinyan son çıxışında buna işarə edib. Elxan Şahinoğlu Teref.az