Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində çıxışı zamanı vacib bir məlumatı diqqətə çatdırdı.
Əliyev dünyada geosiyasi vəziyyətin gərginləşməsi, regionda yeni təhdidlərin mövcudluğu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması fonunda Azərbaycanın yeni silahlar alması prosesinin davam etdiyini açıqladı. Buraya böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlər də daxildir.
Azərbaycan son illər, xüsusilə Vətən müharibəsindən sonra silahların idxalına dair yeni məlumatları təfsilatı ilə təqdim etmir.
Silah tədarükünə dair konkret hansı ölkələrlə kontrakt imzaladığını açıqlamır, görünür ki, bunun regional məsələlərlə bağlı bir əlaqəsi var.
Uzaqmənzilli raketlər strateji silahlar hesab olunur. Belə raketlərin təyinatı nəzərdə tutulan məsafə üzrə istənilən hədəfi məhv etməyə kifayət edir.
Azərbaycanın uzaqmənzilli raketləri dislokasiya edəcəyi ərazilər də maraq doğurur, məsələn, bunların Ermənistan sərhədi ilə yaxın yerlərdə yerləşdirilməsi Bakının mümkün eskalasiyalar zamanı ata biləcəyi atəşlərin koordinatı barədə fikirlər formalaşdırır.
Azərbaycan ballistik raketlər balansını artırmaqla çəkindirici güc bazası formalaşdırır və bu, regionda eskalasiyanı azaltmaqda faydalı iş əmsalını artırır.
Amma İlham Əliyevin qeyd etdiyi kimi, regionda yeni təhdidlər var, təhdid mövcuddursa, deməli, hərbi eskalasiya riski də qalmaqdadır.
Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün öz şərtlərinin təmini üçün uzaqmənzilli raketlər faktorunu ortaya qoyacaq.
Yəni İrəvanı xəbərdar edəcək ki, sülh gündəliyindən qaçıb başqa yol tutsa, həmin raketlərin atılacağı ünvan Ermənistan üçün fəlakətli olacaq.
Ermənistan regional təhdidlərlə sülh gündəliyi arasında özünü elə yerləşdirmək istəyir ki, fürsət düşən kimi hücuma keçsin.
Belə bir ssenaridə Azərbaycan Ermənistanı böyük miqyasda zərərsizləşdirəcək son həmlələrini edə bilər, lakin regional və geosiyasi kontekstdən də çox şey asılıdır.
İndi Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində hərbi insidentlər çoxalıb. Azərbaycan isə Naxçıvanla quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasında inadkarlıq göstərir.
Əliyev uzaqmənzilli raketlərin gətirilməsini çarpaz olaraq Zəngəzur dəhlizi ilə bağlı yaranacaq təhdidləri ilə əlaqəli məzmunda qeyd edə bilər.
Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini də irəliyə aparmalıdır, bunun hərbi-strateji ölçüləri elə bir səviyyəyə çatmalıdır ki, ittifaq modeli rəsmiləşsin.
Uzaqmənzilli raketlərin çoxluğu Azərbaycan-Türkiyə əlaqələrinə maneə yaratmaq istəyən qüvvələr üçün xəbərdarlıqdır.
Aqşin Kərimov - DİA.AZ