ATV telekanalında yayımlanan “Astar şou” adlı komediya verilişində müəllim adının urvatsızlaşdırılmasına yönəlik təqdimat ictimaiyyətdə hiddət doğurub.
Şounun dünən axşamkı növbəti buraxılışında “aktyorlar” guya meşşanlığı satirik dillə tənqid etdiklərini tamaşaçılara çatdırmaq istəyiblər. Əslində isə dolayı yolla onsuz da tez-tez əsassız olaraq hədəf seçilən müəllim adını daha da ucuzlaşdırıb, onu gülüş obyektinə çeviriblər.
Belə ki, verilişin ssenarinə görə, aşpaz eyş-işrət məclisində artıq qalan kababı özü ilə götürüb “Corc müəllim”ə aparıb verəcəyini bildirir. “Jurnalist”in “yəqin Corc müəllim hörmətli adamdır ki, ona kabab aparmısınız” sualına aşpaz “Corc müəllim Kərim müəllimin itinin adıdır” cavabını verir.
Teref.info Modern.az-a istinadən xəbər verir ki, müəllimlə bağlı bu cür təqdimat sosial şəbəkələrdə də etiraz doğurub. Müzakirələrə qoşulanlar ATV rəhbərliyini tənqid edib, qınayıblar.
Jurnalist Rövşən Kəbirli bu təqdimatı ölkənin minlərlə müəlliminə və müəllim adına açıq həqarət adlandırıb.
“Təsəvvür edin ki, bu verlişin ssenasisini yazan hansısa danabaş adam itə müəllim deyir – “Corc müəllim” və biabırçılıq bir neçə dəfə xüsusi əda ilə ekrandan səsləndirilir.
Tələb edirəm ki, ölkədə teleyayıma nəzarət edən Azərbaycan Respublikası Audiovizual Şurası reytinq xatirinə müqəddəs müəllim adına “qarmaq atan” verilişə görə ATV kanalının yayımını azı bir sutka dayandırsın. Həmçinin, sözügedən verilişin telekanalın proqramdan həmişəlik çıxarılması barədə qərar qəbul edilsin. İnanıram ki, Audiovizual Şurası dövlət qurumu olaraq bunu edəcək”.
Jurnalist Rövşən Kəbirlinin bu çağırışına Qarabağ qazisi, hazırda Bakıdakı məktəblərdən birində müəllim işləyən Vaqif Əlisoy da dəstək verib:
"ATV-nin rəhbərliyinə müraciət edirəm. Sizə kim haqq verib ki, 150 minlik müəllim ordusunu təhqir edirsiniz? İndi bu ağsaqqal vaxtımda durum mən də sizi təhqir edim?
Ayıb olsun! 44 günlük Vətən müharibəsində həlak olan 3 min şəhidi, minlərlə qazini yetişdirən biz müəllimlər olmuşuq. Şəxsən mənim yetişdirdiyim 50-yə yaxın şagird əsgər, gizir və zabit kimi döyüşlərə qatılıb, şəhid və qazı olublar. O şəhidlərin ruhu sizə qənim olsun! 46 ilin müəllimi, Qarabağ qazisi kimi dərhal üzr istəmənizi tələb edirəm!
Elm və təhsil naziri Emin Əmirullayevə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə müraciət ünvanlayıram, bu məsələyə müdaxilə etsinlər”.