“Əvvəlcədən proqnozlaşdırıldığı kimi, Moskva görüşü sülhyaratma prosesində həlledici amilə çevrilmədi. Üçtərəfli görüş 20-30 dəqiqə çəkdi. Əsas müzakirə prezidentlər İlham Əliyevlə Vladimir Putin arasında oldu. Hətta Qarabağ məsələsində müəyyən konsensusa gəlindiyi qeyd edilir. Mən Azərbaycan və Rusiya arasında Qarabağ mövzusunda hansısa istiqamətlər üzrə konsensusu nəzərdə tuturam. Yəqin ki, zamanla bunun belə olub-olmadığı üzə çıxacaq”. TEREF.AZ bildirir ki, bunu Reyting.az-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli dünən Moskvada Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə baş tutan prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasındakı üçtərəfli görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, əslində Moskva görüşündən əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyi verdiyi bəyanatla müəyyən edilmişdi.
Professor diqqətə çatdırıb ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın da bu ərazi bütövlüyünə aid olduğunu bəyan edib. Q. Hüseynlinin fikrincə, bu, Moskva görüşündən əvvəl yaxşı bəyanat sayıla bilər. “Ancaq hansısa səbəbdən Rusiya bu bəyanatdan razı qalmadı. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirdi ki, Nikol Paşinyan kimi düşünmür. Bu da onu göstərir ki, Rusiya Qarabağ məsələsində konstruktiv deyil, problemin həllində marağı yoxdur, sülh prosesinin irəli aparılmasına ciddi səy göstərməyəcək. Deməli, tərəflərin diqqəti qarşıdan gələn Kişinyov görüşünə fokuslaşacaq. Mən Brüssel formatını nəzərdə tuturam. Yəni Brüssel prosesi münaqişənin həll edilməsi baxımından daha əhəmiyyətlidir”,- deyə Q. Hüseynli əlavə edib.
Professor Moskva təmasları zamanı baş verən bəzi nüansları da qiymətləndirib. Deyib ki, birinci belə nüans Ermənistan baş naziri Paşinyanın Laçın dəhlizinin bağlı olması, guya bura sülhməramlıların nəzarət etməli olduğu haqda olub. Ancaq prezident Əliyev Ermənistan liderini çox ustalıqla öz yerində oturdub, Laçın yolunun bağlanmadığını, orada sərhədçilərin durduğunu, eyni zamanda sülhməramlıların da 20 metr kənarda olduğunu qeyd edib.
İkinci nüansa gəlincə, professor əlavə edib ki, bu tədbirdə Azərbaycan liderinin Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşı adlandırması, eləcə də toponim olaraq Stepanakert deyil, Xankəndinin adını çəkməsidir. “Yəni prezident dedi ki, Azərbaycan vətəndaşları olan ermənilər Xankəndiyə rahat gəlib-gedir. Məncə, bu daha çox Rusiyaya istiqamətlənmiş mesaj idi. Yəni bura bizim ərazimizdir və məsələləri biz tənzimləyirik, başqa cür də ola bilməz”, - deyən Q. Hüseynli üçüncü nüansa da diqqət yetirib: “Bu, Rusiya lideri Putinin ərazi bütövlüyü məsələsinə diqqət çəkməsi, bunun əsas olduğunu ifadə etməsidir. Moskva görüşündə bir daha aydın oldu ki, Ermənistan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyır və qəbul edir”.