“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr deyəndə, ilk xatırlanan məhz bu cümlədir. 1993-cü ildə müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik məticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Müstəqil Azərbaycan dövlətinin xaosdan çıxarılması, günü-gündən möhkəmləndirilməsi, inkişaf edirilməsi, iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycan üçün çalışan, onu qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə-Heydər Əliyevlə mümkün olardı. Hələ 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Məhz iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycanın dünya ölkələri sırasında yer almasına, dünyada vacib ölkələrdən birinə çevrilməsinə səbəb olub. Dahi siyasətçinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnib, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşıb. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranıb. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılıb. Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmçinin 1970-ci ildən Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi ilə “qara qızıl” Azərbaycan xalqına xidmət edən sahəyə çevrilməsinin əsası qoyulub. Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Həmin dövrdə ölkə iqtisadiyyatının inkişaf tarixinə nəzər salanda məhz Heydər Əliyevin sətləri ilə 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodunun tikilərək istifadəyə verilməsini xüsusi qeyd etmək lazımdır. SSRİ-də yeganə olan bu zavod çox az vaxt zamanında tikilmiş və tezliklə öz fəaliyyəti ilə ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutmağa başlamışdır. Zavod fəaliyyətə başlayandan sonra dəfələrlə burada olan Ulu öndər hər zaman bu müəssisə barəsində xoş sözlər demişdir. 1993-cü il sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda keçirilən və mənim də iştirak etdiyim paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı Heydər Əliyev qeyd edib: “Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar – bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm.” Məhz Ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Müstəqil Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunub. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Prezident İlham Əliyevin Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi startegiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı DİA.AZ