Bono Azərbaycana, Olson İrəvana:
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri Vaşinqtonun Azərbaycan-Ermənistan sülh gündəliyini Rusiyanın təsirlərindən qorumaq məqsədləri daşıyır.

Son zamanlar Ağ Evin Bakı ilə İrəvan arasındakı ali səviyyəli təmasların moderatoru qismində həlledici statusa yiyələnmək istəyi də bununla bağlıdır.

ABŞ bu zamana qədər bunu yarıgizli şəkildə reallaşdırırdı, məsələn, Avropa İttifaqı və Gürcüstanı önə verməklə prosesin arxasına çəkilib nəticələri gözləyirdi.

2023-cü ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransında isə digər iki komponenti özünün təkbaşına vasitəçiliyi şəklində birləşdirdiyini göstərdi.

ABŞ-nin sülh proqramına anti-Rusiya tətbiqləri yükləmək cəhdi Moskva üçün qəbuledilməzdir, ancaq Kremlin başı Ukraynaya qarışdığından Ağ Ev yaranan boşluqları doldurmaq istəyir.

Azərbaycana isə maraqlı olan ABŞ-nin Rusiya ilə konfrontasiyası yox, onun Ermənistan barədə ölçülər götürməsidir.

Bakının mövqeyini belə qiymətləndirmək olar ki, o, regionu Qərb-Rusiya cəbhələşməsindən uzaq tutmaq üçün əlindən gələni edir.

Ancaq beynəlxalq siyasi-təhlükəsizlik nizamındakı dağınıqlıq səbəbilə Rusiya ilə Qərb regiona diqqəti artırmağa davam edir və profillərini yüksəltmək üçün hibrid müharibə aparırlar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1681834957_1.jpg
Lui Bononun Azərbaycana gəlişi Bakı-İrəvan təmaslarındakı yeni istiqamətləri müəyyən etmək üçün düsturlar hazırlanmasını özündə ehtiva edir.

ABŞ konstruktiv tezisləri hazırlamaqda çətinlik çəkir, çünki Rusiyanın regiona tarixən mövcud olan siyasi nüfuzunun kökünü qaza bilmir.

Bakı da Qərbdən xüsusi bir aktivlik gözləyir – Ermənistanda revanşizmin qidalanma kanallarını bağlamaq üçün və həqiqi-hərtərəfli sülh naminə. Rusiyadan gözləntisi isə daha çox təhlükəsizlik qayğıları ilə əlaqədardır və Moskvanı müxtəlif vasitələrlə irimiqyaslı təxribatlardan çəkindirməyi bacarır.

Qısası, Bakı “münaqişə monopolistləri”nin diqqətinə çatdırır ki, hərəsi öz üzərinə düşən vəzifədən düzgün yapışsa, regional sülh və firavanlıq da təmin olunar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Lui Bono ilə görüşdə ABŞ-nin diqqətinə işğal faktının davam etdirilməsini çatdırıb.

Belə ki, Bayramov Bonoya Qazaxın yeddi, Naxçıvanın isə bir kəndinin hələ də işğalda qaldığını söyləyib və bununla Vaşinqtonun, heç olmazsa, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsinə töhfə verəcəyinə inam ifadə edilib. Bu, Vaşinqtondan konkret addımlar gözləmək kimi başa düşülə bilər.

Vaşinqtonun səyləri hələlik sərhədlərin delimitasiyası məsələsində Azərbaycanın mövqeyinə tam yaxınlaşmayıb.

Vaşinqton indi Azərbaycanı inandırır ki, onun vasitəçiliyi ilə Ermənistanla keçiriləcək ali səviyyəli danışıqlar fayda verəcək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1681834955_2.jpg
Dövlət Departamenti sülhyaratma prosesini əlində saxlamaq üçün başqa bir əməkdaşını – dövlət katibinin köməkçisi Erika Olsonu İrəvana göndərib.

Olson baş nazir Nikol Paşinyanla görüşüb və görünür ki, Vaşinqton danışıqların növbəti raundunun “münsif”i olmaqda israrlıdır.

Vaşinqtonun, yəqin, bir planı var, çünki o məcburdur ki, vasitəçiliyi ilə keçirilən görüşlərdən mühüm tənzimləyici mexanizmlər çıxarsın.

Aqşin Kərimov

Dünyapress TV

Xəbər lenti