Sərhəddə təxribat:
Siyasi ekspertlər Ermənistan ordusunun aprelin 11-də Laçın rayonu istiqamətində törətdiyi hərbi təxribatın arxasında üçüncü dövlətlərin dayanması qənaətinə gəlib.

Eskalasiyanın baş verməsi Azərbaycana və Ermənistana təzyiqin artması kimi qiymətləndirilir. Bölgədə sabitliyin pozulmasında daha çox Rusiyanın maraqlı olduğuna dair rəylər üstünlük təşkil edir. Ümumiyyətlə, son günlər Kremlin həm Azərbaycandan, həm də Ermənistandan narazı qalması üçün kifayət qədər ciddi proseslər baş verir. Yeni geosiyasi konyuktur Rusiyanın və İranın maraqlarına cavab vermir. Aprelin 7-də Baş nazir Nikol Paşinyan Ermənistanın Laçın dəhlizi istiqamətində sərhəddin 12 kilometrlik hissəsinin 7 kilometrini Azərbaycanla razılaşdırdığını və delimitasiya prosesinin kartoqrafların iştirakı ilə baş tutduğu barədə açıqlama verir. Paşinyan sərhəd xəttinin qalan 5 kilometrlik hissəsi üzərində də işlərin davam etdirldiyini bildirir. Hətta Ermənistanın Baş naziri Dığ-Gornuzor istiqamətində vəziyyətin xeyli yaxşılaşdığını deyir. Görünür, bu vəziyyət hansısa tərəfi qane etməyib. Həm delimitasiya prosesinin başlanması, həm də ermənilərin Gorus-Laçın-Xankəndi yolundan təhlükəsiz istifadəsi üçün imkanın yaranması dəhlizə nəzarət edən Rusiya sülhməramlı qüvvələrinə ehtiyacın olmaması deməkdir. Aprelin 10-da isə Gorus-Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırması barədə məlumat yayılır.

Bu da öz növbəsində, bölgədə kommunikasiya vasitələrinə nəzarətin Azərbaycanın nəzarətini təmin etməklə yanaşı, Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əlaqəsinin kəsilməsi deməkdir. Status-kvonun dəyişməsi Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda zəifləyən Rusiyanın Azərbaycan və Ermənistan üzərində həm geosiyasi, həm də hərbi təsirinin aradan qalxmasına gətirib çıxara bilər. Paralel olaraq, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasını Azərbaycanla sərhəddə buraxmaması Moskvada qəzəblə qarşılanmışdı və atəşkəsin pozulması bunun üçün müəyyən əsaslar yarada bilər. Aprelin 5-dən 7-dək ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib. Çünki ABŞ generalı İrəvan döndükdən bir neçə gün sonra Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfər edir.

Aprelin 10-da Papikyan NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında qəbul edilir. Təbii ki, KTMT üzvü və Rusiya ilə hərbi müttəfiq olan Ermənistanın ABŞ və NATO ilə hərbi əməkdaşlığı dərinləşdirmək qərarı Moskvada sakit qarşılana bilməzdi. Bu baxımdan, Azərbaycan sərhədində baş vermiş hərbi təxribat Rusiyanın regiondakı son proseslərə reaksiyası idi. Eyni zamanda, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri də geostrateji əhəmiyyət daşıyan sazişlərin imzalanması ilə müşahidıə olunub. Xüsusilə də Qazaxıstan neftinin və digər yüklərin Rusiyadan yan keçməklə Orta dəhliz vasitəsilə nəqlinə dair razılaşmalar da çox güman ki, Kremlin etirazına səbəb olub. Moskva Orta dəhlizin keçdiyi Zəngəzurda münaqişəni alovlandırmaqla “oyun”u pozmağa çalışır. Nəhayət, sərhəddə təxribatın mühüm səbəblərindən biri Azərbaycan və Ermənistan liderlərinin ABŞ-ın vasitəçiliyi ilə görüşünün təşkili barədə yayılan məlumat ola bilər. Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Dövlət katibi Entoni Blinkenin tərəfləri Vaşinqtonda bir araya gətirmək istədiyini yazıb.

“Diplomatik mənbəmizin sözlərinə görə, indiki mərhələdə avropalılar Ermənistan-Azərbaycan danışıqlar prosesinin qarşıdan gələn görüşünü öz himayəsi altında keçirmək, xüsusən də İlham Əliyev və Nikol Paşinyan yaxın həftələrdə Brüsseldə görmək istəyirlər. Avropa tərəfinin bu qədər marağına baxmayaraq, ilkin razılaşmaya görə, mayın ikinci yarısındakı görüş böyük ehtimalla Vaşinqtonda baş tutacaq”,-deyə qəzet yazır.

Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirib ki, danışıqların Vaşinqtonun aparılması məsələsində tərəflərin yanaşmaları üst-üstə düşür. “Görüşün keçirilməsi təşəbbüsü bu məsələdə nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ dövlət katibi Entoni Blinkenə məxsusdur”, - deyə “Past”qəzeti qeyd edir.

TEREF.AZ-ın məlumatına görə, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan ordusunun Laçın istiqamətində atəşkəsi pozması birmənalı şəkildə təxribatdır.

Lakin politoloq hesab edir ki, bu silahlı toqquşma yalnız Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyinə dair məlumatla bağlı deyil:

“Ermənistan hərbçiləri ilə ABŞ və NATO hərbçiləri arasında təmasların baş verməsi bu prosesin bir tərəfidir. Nəzərə almalıyıq ki, Azərbaycan hərbi komandanlığı ilə də ABŞ arasında intensiv müzakirələr gedir. Bu günlərdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da ABŞ-a səfər edib və Pentaqon rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparıb. Göründüyü kimi, ABŞ Cənubi Qafazda sülh prosesinə yalnız diplomatik yolla deyil, həm də hərbi vasitələrlə daxil olamağa başlayır. Bu isə Rusiyanı narahat etməyə bilməz. Maraqlı olan isə bu təxribatın Azərbaycan-Ermənistan şərti sərhədində törədilməsidir. Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsindən sonra faktiki olaraq, təxribatların, qarşıdurmaların mərkəzi Azərbaycan ərazisinə, yəni Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasına keçirilmişdi. Həmin bölgədə də sülhməramlılar erməni separatçılarını silahlandırır, onlarla faktiki olaraq, müttəfiqlik edir və sairə. Bu dəfə güc sərhəddə nümayiş etdirildi. Rusiya bu mesajı verməklə demək istəyir ki, sərhəddə avropalı müşahidəçilərin yerləşdirlməsinə baxmayaraq, biz öz siyasətimizi yürüdürük, resurslarımız var və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Təbii ki, baş verən təxribat Rusiyanın güc nümayişi idi və bu mesajı yüngül qəbul etmək lazımdır. Bu, Rusiyanın vəziyyətə istənilən an müdaxilə etmək imkanına malik olduğunu göstərir. Fikrimcə, buna adekvat reaksiya olmalıdır. Amma hərbi-siyasi xarakterli reaksiyanı qarşı tərəf, yəni ABŞ, yaxud NATO göstərməlidir”.

O bildirib ki, Rusiyanın Cənubi Qafqaz üzərindən qurduğu planlarda heç Çin də, Türkiyə də maraqlı deyil:

“Yəni bizim tərəfdaşlarımız kifayət qədərdir. Mövcud situasiyada biz iki istiqamətdə addım atmalıyıq. Birinci, Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsi istiqamətində sülh danışıqları danışıqları davam etdirilməlidir. Hesab edirəm ki, Ermənistan da bunda maraqlıdır. İkincisi, əsas strateji və hərbi müttəfiqimiz olan Türkiyə ilə bütün bu addımları razılaşdırmalıyıq. Rusiya təxribatlarını davam etdirəcək. Çünki Rusiyanın bölgə ilə bağlı qlobal planları var. Bu planlar getdikcə iflasa uğramağa başlayır. Rusiyaya böyük güc müqavimət göstərir. Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasında və onun Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya üzərindən keçməsində, yalnız Qərb ölkələri və Türkiyə deyil, Çin də maraqlı deyil. Ona görə də hazırda həmin dəhlizin birləşdirici hissəsi Azərbaycanın üzərinə düşür. Bütün oyunlar da Azərbaycanın başı üzərindən həyata keçirilir. Ermənistanın ABŞ və NATO ilə, Azərbaycanın isə ABŞ-la hərbi təmasları göstərir ki, amerikalılar hər iki tərəflə işləməyə başlayıb. Bu da Rusiyada narahatlıq doğurur. Rusiya planları pozmaq üçün bütün təxribatlara əl atır. Fikrimcə, belə təxribatlar davam edəcək”.
 

Dünyapress TV

Xəbər lenti