Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbilərin 35,1 %-i və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, 2 ay ərzində Azərbaycandan xaricə gedən 218 min bizim vətəndaşların isə 29,7 %-i və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib. Rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir. Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq dediklərini şərh edərək davam edir: Bu izah inandırıcı deyil, bizim vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır, xaricdən gələnlərin bəzilərinə isə, çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsüz. Quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq Konstitusiyanı pozur: Əvvəla, ölkə vətəndaşlarına bərabər münasibət pozulub, Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki?! İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar. Bu biabırçılıqdır, quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan "pandemiya" ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir... Natiq Cəfərli Teref.az