ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kuinnin Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla birlikdə Laçın dəhlizinin başladığı yerə getməsi Azərbaycanda müsbət qarşılanmayıb.
Çünki amerikalı diplomatın Gorus-Laçın yolunun Azərbaycan sərhədindəki hissəsinə gəlişi vəziyyəti yerində öyrənməkdən daha çox siyasi mesaj vermək məqsədi daşıyırdı. Yayılan fotolardan göründüyü kimi, diplomat Laçın-Xankəndi yolunun bağlı olduğunu nümayiş etdirməyə çalışıb. Şlaqbaumun qarşısında fotoşəkil çəkdirən xanım Kuinn guya Azərbaycanın yolu bağlayaraq Qarabağda yaşayan erməniləri blokadaya aldığına dair rəy yaratmağa çalışır. Səfir bəyanat verərək Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”. Kristina Kuinnin bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. “Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Twitter” hesabında belə yazıb. O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”-deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, martın 9-da Laçın-Xankəndi yolu ilə Ermənistana 16 nəfər tibbi müalicəyə ehtiyacı olan erməni aparılıb. Əgər yol bağlı olsaydı, bu adamlar Ermənistana gedə bilməzdi. Ona görə də səfirin açıqlaması daha çox yolda nəzarət-buraxılış məntəqsinin açıqlmasından narahat olan Ermənistanın maraqlarına xidmət edir.
Teref.az-ın məlumatına görə, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-ın Ermənistandakı və Azərbaycandakı səfirlərinin fəaliyyəti daim bir-birindən fərqlənir. Belə ki, Ermənistandakı səfir bir qayda olaraq, erməni xalqının maraqlarından çıxış edir. Amma bu yanaşma digər ölkələrdən fərqli olaraq, yalnız Ermənistanda müşahidə olunur: “Qeyd edim ki, Zəngəzur dəhlizi ətrafında ABŞ-ın öz maraqları var. Digər tərəfdən, ABŞ iki həftə öncə gömrük xidmətinin yaxşılaşdırılmasına dəstək adı altında qrup gətirmişdi. Onlar Ermənistanın Azərbaycanla və Gürcüstanla sərhədindəki gömrük xidməti hissələrinə baxış keçirdi. Amerikadan gəlmiş qrup gömrük xidmətində sərhədin təhlükəsizliyi mövzusunda Ermənistana təkliflər vermişdi. Əslində, sərhəddə təhlükəsizlikdən danışılırsa, bu, hərbi mahiyyət kəsb edir. Bu mərhələdə ABŞ-la Ermənistanın başqa planları var. Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Ermənistanda ABŞ-ın da mövcud ola biləcəyi ehtimalı yaranır. Səfirin Laçın-Xankəndi yolunun başlandığı yerə səfərini də bu istiqamətdə şərh etmək lazımdır. Onu da qeyd edim ki, ABŞ-ın Ermənistandakı həm səfirləri, həm də diplomatik korpusun üzvləri adətən erməni lobbisi ilə sıx əməkdaşlıqda və onun təsiri altında olan diplomatlar olur. Hətta ABŞ-dakı erməni lobbisi Ermənistandakı səfir seçiminə ciddi təsir edə bilir. Demək olar ki, bu məsələdə bir yarışma da təşkil edə bilirlər. Bu baxımdan, səfirin sərhədə gəlişini və canfəşanlığını ABŞ-dakı erməni lobbisinin xidməti kimi dəyərləndirməliyik”.
Həmsöhbətimiz bildirib ki, ümumiyyətlə, Ermənistan Laçın dəhlizinin ətrafındakı dezinformasiyalarla bağlı həddindən artıq uzağa gedib:
“Halbuki, 30-a yaxın ölkənin media qurumunun əməkdaşı həmin əraziyə səfər zamanı Laçın yolunun açıq olduğunu gördü. ABŞ-ın Ermənistandakı səfirinin Laçın-Xankəndi yolunu kommersiya məqsədilə təcili açmağa çağırması Qarabağın təbii ehtiyatlarının talanması, yəni ekosidə çağırış kimi qiymətləndirilə bilər. Amma yolun bağlı olmadığını onsuz da dünyada bilirlər. Ümumilikdə isə səfirin sərhədə gəlib Azərbaycandan dəhlizi açmağı tələb etməsi diplomatik etiket qaydalarına ziddir. Bu, səfirliyin səlahiyyətini aşan açıqlamadır. Çünki belə bəyanatları Dövlət Departamenti verə bilər. Hansısa üçüncü sinif səfirin belə fikri səsləndirməsinə ehtiyac yoxdur”.