Rusiyada hava hücumundan müdafiə sistemləri təkcə Moskva və Moskva vilayətində deyil, Rusiya prezidenti Vladimir Putinin olduğu hər yerdə yerləşdirilir.
Editor.az bildirir ki, bunu yanvarın 25-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafonun efirində bildirib: “Bu gün Putinin olduğu və ya ola biləcəyi bütün obyektlər hava hücumundan müdafiə sistemi ilə tam təchiz olunur.
Orada bu metal zibildən nə qədər istifadə etdiklərini bilmirəm, amma inanın ki, bu kömək etməyəcək. Tərəfdaşlarımızın göstərdiyi texnoloji yardımlar bu müdafiəni keçəcək və onlara qarşı daha çox təhdidlər olacaq”, – Danilov bildirib.
O vurğulayıb ki, bu, Ukraynanın günahı deyil, çünki Rusiya müharibəyə başlayıb, ərazilərimizi işğal edib: “Bu gün onlar buradan çıxsalar və bundan sonra müharibə dərhal başa çata bilər – ən azı onun qaynar fazası. Və sonra biz bu əclaflarla və terrorçularla məşğul olacağıq”, – deyə o, əlavə edib.