ABŞ-da fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutu (ISW) Baxmutun müdafiəsinin Ukrayna üçün vacibliyini araşdırıb.
Araşdırmada bunun Ukraynaya baha başa gəlsə də, “strateji cəhətdən sağlam” əməliyyat olduğu əksini tapıb.
Tədqiqatda ISW ekspertləri etiraf edirlər ki, Baxmutun müdafiəsi xeyli xərc tələb edir. Xüsusən də bu, Ukraynanın digər ərazilərdə əks-hücum əməliyyatları keçirməsinə mane ola bilər. Lakin onlar vurğulayırlar ki, Ukrayna Rusiya qoşunlarına Baxmutu asanlıqla ələ keçirməyə imkan verərsə, bu, daha baha başa gələcək:
“Özlüyündə Baxmutun ordu üçün nə əməliyyat, nə də strateji əhəmiyyəti var, lakin Rusiya qoşunları şəhəri nisbətən tez götürsəydilər, hücum əməliyyatlarını genişləndirməyə ümid yarana bilərdi. Nəticədə Ukrayna tələsik şəkildə daha az əlverişli olan ərazilərdə müdafiə mövqeləri qurmalı olardı”.
Qeyd olunub ki, siyasi və hərbi liderlər qərar qəbul edərkən kifayət qədər ağıllı şəkildə bu amilləri nəzərə alırlar.”Ukrayna qüvvələri artıq düşmənin tədricən məhv edilməsinin oxşar modelindən istifadə edərək, kiçik taktiki uğurlar naminə Rusiya hərbçilərini bir neçə ay ərzində şəxsi heyət və texnikada böyük itkilərə məruz qoyub. 2022-ci ilin yayında rus qoşunları aylarla Severodonetsk və Lisiçanskda Ukraynanın effektiv müdafiəsini yarmağa çalışdılar və yalnız ukraynalıların kontrollu şəkildə ərazidən çıxarılmasından sonra Lisiçanskı ələ keçirdilər. Ancaq tezliklə məlum oldu ki, Lisiçanskın tutulması Rusiya ordusuna əməliyyat uğuru gətirmədi. Ukraynanın Baxmut müdafiəsi çox güman ki, analoji nəticəyə töhfə verəcək. Ukrayna qüvvələri faktiki olaraq Baxmut bölgəsində Rusiya qoşunlarını və texnikasını saxlamağa vadar edir, Rusiya komandanlığının bütün diqqətini oraya yönəldir. Beləliklə, Rusiyanın başqa ərazilərdə hücumunu davam etdirməsinə imkan vermirlər”, – deyə tədqiqatda yazılıb.
Həmçinin vurğulanıb ki, Ukraynanın bu vəziyyətdən çox da müvəffəqiyyətli şəkildə istifadə edə bilməməsinin əsas səbəbi müttəfiqlərdən silah tədarükünün çox yavaş olmasıdır. BBC