Ukraynanın yenidən silahlanmasına yardımın göstərilməsi qərara alınıb: qısa, orta və uzunmüddətli perspektivdə
Ukraynanın müdafiə naziri Oleksey Reznikov qeyd edib ki, Ukrayna Müdafiə Təmas Qrupunun (Ramşteyn-5) 5-ci iclasında Ukraynaya uzunmüddətli dəstək kursu müəyyən edilib. Yardımın artması onu deməyə əsas verir ki, Ukrayna öz tərəfdaşlarını təkcə Rusiyanın hücumunu dəf etmək deyil, həm də ərazisini geri almaq qabiliyyətinə inandırmaq üçün uzun bir yol keçib.
Bunu gördükdən və inandıqdan sonra yardım paketləri böyüməyə başladı. Biz tank əleyhinə raketlər və MANPADS alan ölkədən hava hücumundan müdafiə və HIMARS formasında yardım alan ölkəyə çevrilmişik. Bundan əlavə də çox iş görülüb. Çünki əvvəllər bütün tərəfdaşlar Ukraynanın silaha olan real ehtiyaclarını dərhal başa düşmürdülər.
Ola bilsin ki, bəzi ölkələr yenə də öz “ehtiyatlı mövqeyinə” sadiq qalmağa davam edəcək, lakin tərəfdaşların əksəriyyəti əmin olub ki, Ukraynaya yardım artırılmalıdır. Bu gün onun həcmlərinin gələcəkdə artmağa davam edəcəyini proqnozlaşdırmaq olar.
"Ramşteyn-5” bizim üçün də önəmlidir. Birincisi, NATO və tərəfdaş ölkələrin proqramları çərçivəsində təhsil alacaq Ukrayna hərbçilərinin sayının artırılması ilə bağlı razılıq əldə edilib. İkincisi, laylı hava hücumundan müdafiə sisteminin yaradılması və Ukraynanın yenidən silahlanmasına yardımın göstərilməsi qərara alınıb: qısa, orta və uzunmüddətli perspektivdə.
Başa düşmək lazımdır ki, biz həm hava qüvvələrini, həm də hava hücumundan müdafiəni yeniləmək üçün "Lend-liz" və "Ramşteyn"in mexanizmlərini cəlb etməliyik. Əlamətdar hadisə həm də ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya səfəri oldu. Bununla ABŞ Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizə və ərazilərin azad edilməsi hərəkatını açıq şəkildə dəstəklədi. Səfər verilən qərarlarla üst-üstə düşdü.
Mühüm məqam ondan ibarətdir ki, Ukrayna qüvvələrinin bu uğurlu irəliləyişi bütün növ yardımların və ondan səmərəli istifadənin nəticəsidir. Axı HIMARS sistemləri və gəmi əleyhinə "Harpoon" raketləri və M-777 artilleriya sistemləri, özüyeriyən artilleriya sistemləri - bütün bunlar bu gün Baş Qərargahın açıqladığı qələbəmizə kömək etdi.
Amma silahlardan başqa, əlbəttə ki, taktika mühüm rol oynayır. Düşməni tükəndirmək strategiyası, ukraynalı əsgərlərin qəhrəmanlığı və Ukrayna qüvvələrinin əhval-ruhiyyəsi. Bu baxımdan, müharibənin bir çox hərbi taktika və strategiya dərsliklərində yer alacağı şübhəsizdir.
Müəllif: Aleksandr Musienko - Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: Turan Abdulla